AZ

Uşaqlara söyüş söyməyi kimdən öyrənir?

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uşaqlar böyüdükcə müxtəlif davranış formaları nümayiş etdirirlər. Valideynləri narahat edən bu davranışlardan biri də uşağın söyüş söyməsidir.

Bu, sadəcə pis vərdiş deyil, öyrənilmiş bir davranışdır. Uşağın belə hərəkətinə valideynlərin necə reaksiya verməsi, onu necə yönləndirməsi çox önəmlidir.

Uşaq söyüş söyməyə başlayanda valideynlər nə etməli və bu davranışı necə düzgün yönləndirməlidir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, valideynlər öz danışıq tərzinə də diqqət etməlidirlər: “Uşağın söyüş söyməsi bir çox valideyn üçün narahatedici olsa da, bu davranış əksər hallarda uşağın “pis uşaq” olmasından deyil, ətraf mühitdən eşitdiyini təkrarlamasından qaynaqlanır. Uşaqlar, xüsusilə, məktəb, sosial media, dost çevrəsi və ailə daxilində eşitdikləri ifadələri mənasını tam anlamadan istifadə edə bilirlər. Burada valideynin reaksiyası çox həlledici rol oynayır.

Valideyn ilk növbədə sərt cəza və qışqırıqdan uzaq durmalıdır. Çünki həddindən artıq reaksiya uşağın həmin sözü daha çox təkrarlamasına səbəb ola bilər. Uşaq diqqət çəkdiyini gördükdə bunu davranış formasına çevirə bilər.

Daha doğru yanaşma sakit şəkildə bunun uyğun bir ifadə olmadığını izah etməkdir.

Eyni zamanda valideynlər öz danışıq tərzinə də diqqət etməlidirlər. Uşaq ən çox ailədə gördüyünü və eşitdiyini öyrənir. Evdə aqressiv danışıq və söyüş varsa, uşağın bunu normallaşdırması təbiidir. Ona görə valideyn davranışı ilə nümunə olmalıdır”.

Zeynəb Əyyubova həmçinin vurğulayıb: “Uşağın niyə söyüş söydüyünü anlamaq da vacibdir. Bəzən uşaq əsəbini ifadə edə bilmədiyi üçün, bəzən də dost çevrəsinə uyğunlaşmaq məqsədilə bu sözlərdən istifadə edir. Belə hallarda uşağa emosiyalarını düzgün ifadə etməyi öyrətmək lazımdır. “Əsəbiləşəndə bunu başqa necə deyə bilərsən?” kimi yönləndirici suallar faydalıdır.

Ən önəmlisi isə uşağı etiketləməməkdir. “Tərbiyəsizsən”, “pis uşaqsan” kimi ifadələr uşağın özünə münasibətinə mənfi təsir edə bilər. Davranışı tənqid etmək olar, amma uşağın şəxsiyyətini yox”.

Zeynəb Əyyubova əlavə edib: “Valideyn unutmalıdır ki, söyüş söymək bir davranışdır və düzgün yanaşma ilə zamanla dəyişdirilə bilər. Sakit, ardıcıl və sevgi dolu münasibət uşağın sağlam ünsiyyət bacarıqları formalaşdırmasına kömək edir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
bizimyol.info

1Mənbələr