AZ

Britaniyalı səfirdən təsirli sözlər: “Buraya yad kimi gəldim, ömürlük dost kimi ayrılıram”

Birləşmiş Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun ölkəmizdə diplomatik fəaliyyəti başa çatıb. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fergus Auldu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Səfir azərbaycanlı jurnalistlərlə vida görüşündə 4 illik fəaliyyəti dövründə bir çox yaddaqalan məqamların olduğunu bildirib: “Ən qürurverici an COP29 idi. Bakı indiyədək ev sahibliyi etdiyi ən böyük tədbiri-iqlim dəyişikliyi kimi həyati əhəmiyyətli qlobal məsələ üzrə ən mürəkkəb danışıqları, çətin
geosiyasi şəraitdə, yüksək səviyyədə keçirdi. Azərbaycan bunu parlaq şəkildə bacardı və
Böyük Britaniya bu yolda onun yanında olmaqdan məmnun idi. Kir Starmer tədbirdə
iştirak edərək Azərbaycana səfər etmiş ilk Britaniya baş naziri oldu. Həmçinin yeddi
Britaniya naziri iki həftə ərzində Bakıya səfər etdi və İqamətgahımız qonaqlarla doldu. İqlim
maliyyələşməsi üzrə danışıqlarda mühüm nəticələr əldə etdik”.

6ca589aa-7c7d-411c-89d1-66405e4ac0f6.jpeg

Səfir qeyd edib ki, son 4 il ərzində iqtisadi münasibətlər də ardıcıl şəkildə inkişaf edib: “Böyük Britaniya artıq 30 ildən çoxdur ki, Azərbaycanın ən böyük birbaşa xarici investorudur. Səfirlik olaraq biz iqtisadi şaxələndirməyə-təmiz enerji, infrastruktur, nəqliyyat və peşəkar xidmətlər sahələrinə xüsusi diqqət yetirmişik. Son 4 ilin bir neçə əsas məqamlarından biri 2025-ci ilin avqustunda Böyük Britaniya və Azərbaycanın münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəlməsidir. Bu, həm bu günə, həm də gələcəyə dair bir bəyanat idi. Artıq dərin, geniş və qarşılıqlı etimada əsaslanan münasibətlərimizin daha da inkişaf potensialına dair bir mesaj idi. Bu Strateji Tərəfdaşlıq üç əsas sütuna söykənir: müdafiə və təhlükəsizlik; ticarət və investisiya; innovasiya və təhsil”.

Səfir qeyd edib ki, Azərbaycanla bağlı yaddaşından silinməyəcək çox məqam var: “Dağlar, xalçalar, çay, dolma, ləvəngi üçün çox darıxacam. Amma ən çox insanları üçün darıxacağam. Mən buraya bir yad kimi gəldim. Ömürlük dost kimi ayrılıram”.

Nigar Həsənli
Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr