ain.az bildirir, Modern.az saytına əsaslanaraq.
Son illər Avropa siyasətində diqqətçəkən proseslərdən biri milli suverenlik, daxili işlərə müdaxiləyə qarşı çıxışlar və Brüssel bürokratiyasına etirazların güclənməsidir. Maraqlıdır ki, vaxtilə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin açıq şəkildə səsləndirdiyi bəzi mesajlar indi Avropanın müəyyən siyasi liderləri tərəfindən də təkrarlanmağa başlayıb.
Modern.az xəbər verir ki, bu tendensiyanın son nümunəsi Slovakiyanın Baş naziri Robert Fitsonun açıqlamaları oldu.
Belə ki, Avropa Siyasi Birliyinin VIII sammitində videobağlantısında çıxış edən Prezident İlham Əliyevin Avropa Parlamenti bağlı dediklərinə Baş nazir Robert Fitso tam dəstək verdiyini bildirmişdi.
Prezident İlham Əliyevin dediklərini xatırlayaq. Ölkə başçısı sammitdəki çıxışında Avropa Parlamentinin Azərbaycanla bağlı fəaliyyətini kəskin tənqid edərək bildirmişdi:
“İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik və evsiz insanların problemlərini həll etmək əvəzinə böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib".
Fitso Rusiyadan qayıdarkən jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini açıq şəkildə dəstəklədiyini bildirərək, “Əliyev Avropa Parlamentini sərt tənqid etdi və bu, həqiqət idi. Bizim problemlərimiz kifayət qədərdir. Avropa Parlamenti başqalarının işlərinə qarışmamalıdır” dedi.
Fitsonun bu açıqlaması əslində son illər rəsmi Bakının Avropa institutlarına münasibətdə səsləndirdiyi mövqenin Avropanın öz daxilində də dəstək qazanmağa başladığını göstərir.
Əslində, Avropada son dövrlər güclənən siyasi xətt də məhz milli dövlətlərin suverenlik hüquqlarının müdafiəsinə əsaslanır. Slovakiyanın Baş naziri Robert Fitso və bir sıra sağ-mərkəzçi Avropa siyasətçiləri Brüsselin mərkəzləşdirilmiş siyasətinə qarşı daha sərt mövqedən çıxış etməyə başlayıblar.
Bu mənada Azərbaycanın illərdir həyata keçirdiyi siyasət müəyyən dairələr üçün model kimi görünür. Bakı xarici təzyiqlərə qarşı müqavimət göstərən, milli maraqları prioritet sayan, balanslaşdırılmış xarici siyasət yürüdən, geosiyasi və enerji imkanlarını effektiv istifadə edən dövlət modeli formalaşdırıb.
Prezident İlham Əliyevin beynəlxalq platformalarda nümayiş etdirdiyi sərt və özünəinamlı siyasi ritorika artıq bəzi Avropa liderlərinin çıxışlarında da hiss olunmağa başlayır.
Bu proses göstərir ki, Avropada yeni siyasi reallıq formalaşır. Həmin reallıqda milli maraqların müdafiəsi, dövlət suverenliyi və xarici müdaxilələrə qarşı müqavimət əvvəlki dövrlərlə müqayisədə daha çox ön plana çıxır.
Görünən odur ki, Azərbaycan bu siyasəti həyata keçirən ölkələr arasında artıq tək deyil. Bu gün Avropa liderləri də İlham Əliyevdən öyrənməyə başlayıblar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.