AZ

“Diplom”lar qapı arxasında qalmasın

“Diplom xatirinə oxumaq” problemi, sadəcə, tələbələrin şəxsi seçimlərindən qaynaqlanan məsələ deyil. Bu, bütöv cəmiyyətin formalaşdırdığı, illərdir ki, davam edən və kökləri daha dərinə gedən bir problemdir.

Çox vaxt gənclər universitetə öz maraqlarına və bacarıqlarına görə deyil, “hamı oxuyur, mən də oxumalıyam” düşüncəsi ilə daxil olur. Nəticədə, təhsil gəncliyin zəruri inkişaf tələbatı kimi deyil, sadəcə, həyatın formal mərhələsi olaraq qəbul edilir. Unudulur ki, hər bir gəncliyin gələcək həyatına yön verən bilik və bacarıqdır. Diplom isə bu dəyəri təsdiq edən rəsmi sənəd kimi sahibinin təhsil zamanı əldə etdiyi peşə-sənətin yararlığı ilə dəyər qazanır.

Bu problemi dərinləşdirən amillərdən biri ailənin təzyiqidir. Ata-analar övladına ali təhsil almağı mütləq bir hədəf kimi aşılayır və bunun sosial status olduğuna inanırlar. Övlad isə çox vaxt özünü bu gözləntini doğrultmağa məcbur hiss edir. Lakin marağı olmadığı ixtisasa yönəldilmiş tələbə ali məktədə bilik qazanmaq üçün deyil, imtahanlardan keçib diplom almaq üçün gedir. O nələrisə əzbərləməyə məcbur olur, sevmədiyi və seçmədiyi ixtisasla bağlı düşünmə və yaradıcı bacarıq əldə etmək isə arxa planda qalır.

Məsələnin digər tərəfi universitetlərin özündədir. Bir çox təhsil müəssisəsində dərslər hələ də nəzəriyyə üzərində qurulur, təcrübi bacarıq qazanmaq üçün imkanlar isə məhduddur. Zaman keçir, tələbə diplom alır, amma çaalışdığı sahədə çətinlik çəkir, az-çox öyrəndiklərinidən də yararlana bilmir. Bu isə onun tutduğu vəzifənin öhdəsindən gəlməməsi kimi qəbul edilir.

İşəgötürənlər artıq diplomla kifayətlənmirlər: əmək bazarında bilik, bacarıq, analitik təfəkkür və təşəbbüskarlıq tələb olunur. Bu tələbat doğruldulmayanda “diplom” dəyərdən düşür. Təbii ki, bunun acısını ən çox gənclər çəkirlər. Çünki diplom alındıqdan sonra real həyat başlayır. Müsahibədə sadə sualla qarşılaşan gənc cavab verə bilməyəndə özünə olan inamı itir. O, təhsil illərinin boş keçdiyini düşünür və psixoloji gərginlik yaşayır.

Əslində, problem onda deyil, təhsil sistemin illərdir ki, həyatın tələbindən geri qalmasındadır. Deməli, ixtisas təhsili kağız üstündə status qazanmaq üçün deyil, gənclərin özünü dərk etməsinə, bacarıqlarını üzə çıxarmasına və həyatda öz yerini tapmasına imkan yaratmasına xidmət etməlidir. İxtisas biliyi və təcrübi bacarıq olmadığı yerdə diplom kəsərsiz sənədə çevrilir və məşğulluğa qapı aça bilmir.

Bu problemin həlli üçün cəmiyyətin düşüncə tərzi dəyişməlidir. Çağdaş təhsil mütəxəssisləri göstərirlər ki, diplom deyil, bacarıq zəruri sayılmalıdır. Gənclər ixtisas seçərkən öz maraq və həvəslərinə üstünlük verməli, valideynlər övladlarının ilkin bacarıq və peşə maraqlarını nəzərə almalıdırlar. Ali məktəblər ixtisasın nəzəriyyəsi ilə yanaşı, onun təcrübədə necə gerçəyə çevrilməsini də aşılamalıdır. İşəgötürənlər isə gələcək işçilərinin təhsilinə qayğı ilə yanaşıb onların faydalı təcrübə keçmələrinə, özlərini əməli fəaliyyətə hazırlamalarına geniş imkan yaratmalıdırlar.

Çağdaş ixtisaslı kadr hazırlığı bu üçbucaqda səmərəli ola bilər. Zəruri dəyişikliklər yalnız bir hədəfə yönələndə gözlənilən nəticəni verə bilər. Təhsil, əslində, insanın özünü formalaşdırdığı ən vacib dövrdür. Tələbə seçilmiş ixtisası necə mənimsəyə bilər? İxtisası sevmək, ona bağlanmaq və bu sahədə özünü inkişaf etdirmək üçün tələbələrin müəyyən addımlar atması vacibdir. O anlamalıdır ki, heç bir ixtisas özü-özlüyündə maraqlı və ya darıxdırıcı deyil: onu maraqlı edən insanın həmin sahə ilə necə təmas qurmasıdır.

Seçilən ixtisasa az-çox bələd olmamaq qaranlıqda addım atmağa bənzəyir. Təhsil dövründə isə ixtisasın təcrübi tərəfləri inkişaf etdirilməlidir. Gələcək iş mühitini müşahidə etmək, ixtisasa uyğun tədbirlərə, vebinarlara, seminar və təcrübə proqramlarına qatılmaq tələbəni həm həvəsləndirir, həm də gələcək fəaliyyəti barədə təsəvvürləri dolğunlaşdırır.

Digər mühüm addım ixtisasla bağlı fərdi layihələr həyata keçirməkdir. Çünki insan öz əli ilə bir iş ortaya qoyduqda həmin sahəyə münasibəti köklü şəkildə dəyişir. Bir jurnalistika tələbəsi kiçik reportaj hazırlaya, psixologiya tələbəsi qısa araşdırma yaza, iqtisadiyyat tələbəsi bazar analizi edə bilər. Belə təşəbbüslər həm bilikləri möhkəmləndirir, həm də ixtisasın praktikada necə işlədiyini hiss etdirir. Gənc bu prosesdə həm uğurlarını, həm də çatışmazlıqlarını görərək inkişaf istiqamətini müəyyənləşdirir.

Problemin həlli ilə bağlı müzakirələrdə bildirilir ki, tələbə ixtisasını yalnız dərs materialı kimi deyil, geniş bir perspektivin qapısı kimi görməlidir. Bunun üçün həmin sahədə uğur qazanmış insanların həyat yolunu öyrənmək, onların şəxsi təcrübələrinə baxmaq çox ilhamverici ola bilər. Məşhur mütəxəssislərin kitablarını oxumaq, müsahibələrini izləmək, onların hansı çətinliklərdən keçərək nailiyyət əldə etdiyini görmək gəncin motivasiya mənbəyinə çevrilir.

İxtisası sevmək üçün tələbə həm də özünü bu sahənin bir parçası kimi hiss etməlidir. Bu, yalnız dərsləri dinləməklə mümkün olmur. Müəllimə suallar vermək, müzakirələrdə iştirak etmək, araşdırma aparmaq, ixtisas üzrə nüfuzlu adamların həyat yolunu və təcrübəsini izləmək və tədris prosesinə yaradıcı yanaşmaq tələbəni seçdiyi yola möhkəm bağlayır.

Hər ixtisasın geniş alt sahələri var və tələbə özünü həmin sahələrdən birində daha rahat hiss edə bilər. Faydalı maraq çox vaxt belə axtarışlarda yaranır. Tələbə nə qədər çox maraqlansa, o qədər çox məlumat öyrənir: nə qədər çox başa düşsə, o qədər çox sevir. Nəticədə o, işəgötürənlərin məmnunluğunu diplomla deyil, bundan da önəmli olan bilik-bacarıqla qazanır.

Çinarə TARVERDİYEVA,
III kurs tələbəsi

Seçilən
4
xalqqazeti.az

1Mənbələr