AZ

Türkiyə və Ermənistan arasında yeni addım: Birbaşa ticarətə hazırlıq tamamlandı

Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün hazırlıq işləri başa çatdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keceli açıqlama verib.

O bildirib ki, 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində iki ölkə arasında birbaşa ticarətin başlaması üçün bütün bürokratik hazırlıqlar mayın 11-dək tamamlanıb.

Diplomat qeyd edib ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılması üçün texniki və inzibati işlər hazırda davam etdirilir.

Açıqlamaya əsasən, artıq Türkiyədən üçüncü ölkələr vasitəsilə Ermənistana göndərilən məhsulların mənşə və ya son təyinat ölkəsi kimi “Türkiyə” və ya “Ermənistan” adlarını göstərmək mümkün olacaq.

Bəyanatda vurğulanıb ki, Ankara Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi məqsədilə region ölkələri arasında iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın genişlənməsinə dəstəyini davam etdirəcək.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında sərhəd olsa da, iki ölkə arasında diplomatik münasibətlər yoxdur və sərhəd 1993-cü ildən bağlıdır.

Hazırda tərəflər münasibətlərin normallaşdırılması istiqamətində danışıqları davam etdirirlər. İndiyədək yalnız diplomatik pasporta malik üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması barədə razılıq əldə olunub.

Xatırladaq ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də Yerevan şəhərinə səfər edib və Ermənistanın baş naziri Nikol Paşinyan ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
24
redaktor.az

1Mənbələr