AZ

Hüquqşünas: Azərbaycan beynəlxalq müstəvidə söz sahibi olan dövlətə çevrilib

Bakı, 13 may, AZƏRTAC

ATƏT-in Minsk qrupunun yaradılma tarixinə nəzər yetirdikdə burada ciddi məqamların olduğu aydın görünür. Belə ki, 1992-ci ildə Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədildikdən qısa müddət sonra – martın 24-də Helsinkidə keçirilmiş ATƏM Xarici İşlər Nazirləri Şurasının görüşündə bu qurum təsis olundu. Daha sonra, 1994-cü ildən etibarən həmsədrlik institutu yaradıldı və bildirildi ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan arasında münaqişənin beynəlxalq hüququn prinsipləri və sülh danışıqları yolu ilə həlli istiqamətində fəaliyyət göstərəcək. Beləliklə, Ermənistana açıq və ya gizli şəkildə dəstək verən dövlətlər bu prosesin əsas iştirakçılarına çevrildilər. Həmin dövlətlər öz geosiyasi və geoiqtisadi maraqlarını ön plana çəkərək guya münaqişənin həllinə çalışdıqlarını bəyan etsələr də, əslində proses fərqli istiqamətdə inkişaf etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov səsləndirib.

Hüquqşünas bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan bu dövlətlər beynəlxalq hüquqa əsasən qlobal sülhün və təhlükəsizliyin qorunmasında xüsusi məsuliyyət daşıyırlar. Həmin ölkələrdən obyektiv və tərəfsiz vasitəçilik gözlənilsə də, praktiki fəaliyyət bunun əksini göstərdi.

“Minsk qrupu formal olaraq beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə istinad etsə də, 30 illik fəaliyyət dövründə real nəticə əldə olunmadı. Əksinə, həmsədr dövlətlərin fəaliyyəti işğal altındakı Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin hüquqi cəhətdən rəsmiləşdirilməsinə zəmin yaradırdı. Halbuki vasitəçilik missiyası beynəlxalq hüquq baxımından tərəfsiz mövqe tələb edirdi. Lakin bu, edilmədi və ərazilərimiz işğal olundu, milyonlarla soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşdü. Tarixi-mədəni abidələrimiz dağıdıldı, təbii resurslarımız mənimsənildi, Azərbaycan xalqına və dövlətinə milyardlarla manat dəyərində maddi ziyan dəydi. Sözsüz ki, belə köçürmə halları beynəlxalq cinayət hesab olunur, müharibə cinayətlərinin xüsusi bir tərkibini yaradırdı. Ancaq beynəlxalq aləm bu prosesə biganə yanaşdı. Beynəlxalq platformalarda və mediada Azərbaycana qarşı qərəzli yanaşmalar nümayiş etdirildi. Buna baxmayaraq, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı tarixi ədaləti bərpa edərək işğal altındakı torpaqları azad etdi. 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam təmin olundu”, - deyə Rahim Məmmədov əlavə edib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə regionda yeni mərhələ başlayıb

Tarixi Qələbədən sonra da Minsk qrupunun həmsədr dövlətlərinin regiona səfərlər edərək proseslərə təsir göstərməyə çalışdıqlarını deyən R.Məmmədov xatırladıb ki, 2022-ci ildən etibarən Prezident İlham Əliyev Minsk qrupunun səmərəsiz fəaliyyətini açıq şəkildə tənqid edərək bu məsələdə prinsipial mövqe ortaya qoymuşdu. Bu yanaşma Azərbaycan cəmiyyətində də Minsk qrupuna qarşı ciddi ictimai qınaq formalaşdırdı. Bununla yanaşı, həmin dövrdən etibarən regionda yeni siyasi reallıqlar yaranıb. Ermənistan cəmiyyətində də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini anlayan qüvvələrin sayı artıb. Erməni xalqı da anladı ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmadan onların regional və beynəlxalq layihələrə tam inteqrasiyası mümkün deyil.

Fəlsəfə doktorunun sözlərinə görə, bu gün Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə siyasi və hərbi baxımdan öz sözünü demiş dövlət kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, regional əməkdaşlıq təşəbbüsləri və prinsipial mövqe ölkənin beynəlxalq nüfuzunu daha da artırıb. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması Avropa, Yaxın Şərq və Asiya regionları arasında iqtisadi inteqrasiyaya mühüm töhfə verəcək. Bu gün regionda yeni siyasi reallıqlar formalaşır, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması istiqamətində addımlar atılır. Ermənistan-Türkiyə münasibətlərində müşahidə olunan yumşalma da bunu göstərir. Lakin bəzi dövlətlər Cənubi Qafqazda öz təsir imkanlarını qorumağa çalışır və zaman-zaman iki ölkə arasında münasibətlərə mənfi təsir göstərən mövqelər sərgiləyirlər. Bununla belə, artıq zamanın axarı dəyişib. Müəyyən dairələrin hələ də qarşıdurma ritorikasını davam etdirməsinə baxmayaraq, Ermənistan cəmiyyətində sülhün və regional əməkdaşlığın vacibliyini anlayan qüvvələrin sayı artır. Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq müstəvisində normallaşdırılması istiqamətində konkret addımlar atılır. Bu proses həm siyasi, həm də iqtisadi sahədə özünü göstərir”, - deyə R.Məmmədov diqqətə çatdırıb.

Hüquqşünasın fikrincə, Minsk qrupunun fəaliyyətsizliyi bir daha göstərdi ki, həlledici amil formal mexanizmlər deyil, real siyasi iradə və ədalətli mövqedir. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, tarixi ədalət isə bərpa olundu. Bu gün Azərbaycan müstəqil xarici siyasət yürüdən, regional və qlobal əməkdaşlıq platformalarında fəal iştirak edən bir dövlətdir. Ölkənin əsas prioritetlərindən biri qonşu və tərəfdaş dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan, balanslı və praqmatik siyasəti davam etdirməkdir.

Seçilən
4
azertag.az

1Mənbələr