“Bu, gələcəkdə tarif siyasətinə baxılması üçün atılan addımdır" Asif İbrahimov bildirib ki, qərar hazırda texniki xarakter daşısa da, əslində daha böyük iqtisadi dəyişikliklərin anonsudur: “İri həcmli istehlakçıların ayrılması ilə bağlı bu qərar indi texniki görünsə də, mən düşünürəm ki, bu, gələcəkdə tarif siyasətində ediləcək dəyişikliklərin göstəricisidir. Adətən hökumətlər qiymət differensiasiyasını (fərqləndirilməsini) həyata keçirərkən, ilk növbədə istifadəçiləri seqmentlərə bölməyə çalışırlar. Bu seqmentasiya başa çatdıqdan sonra isə tarif siyasətinə yenidən baxılmağa başlanılır”. Ekspert vurğulayıb ki, 300 milyon kubmetrdən çox qaz istehlak edən subyektlər dövlət büdcəsi üçün əlavə subsidiya yükü yaradırdı: “İri həcmli istehlakçılar tərəfindən istifadə olunan qazın tənzimlənməsi daxili subsidiyaların yükünü azaltmaq məqsədi daşıyır. Bu qədər böyük həcmdə qazı ev təsərrüfatları deyil, məhz iri sənaye və istehsal müəssisələri istifadə edir”. İqtisadçı əlavə edib ki, əgər gələcəkdə bu seqment üçün qiymətlər artırılarsa, bu, birbaşa məhsul və xidmətlərin maya dəyərinə təsir edəcək və ölkədə inflyasiya təzyiqi yarada bilər. Yekun olaraq A. İbrahimov qeyd edib ki, bu qərar sadəcə rəqəmlərin müəyyənləşməsi deyil, yaxın gələcəkdə tariflərin yenidən formalaşdırılması üçün hazırlanmış hüquqi və texniki bazadır.