AZ

UNICEF: İqtisadi bərabərsizlik uşaqların sağlamlığına, təhsilinə və gələcək imkanlarına mənfi təsir göstərir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 may, AZƏRTAC

BMT-nin Uşaq Fondu UNICEF və UNESCO çərşənbə axşamı xəbərdarlıq ediblər ki, iqtisadi bərabərsizlik uşaqların sağlamlığına, təhsilinə və gələcək imkanlarına mənfi təsir göstərir.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, aparılan araşdırmalar məktəb və universitet qəbulunda onilliklər boyu davam edən qlobal irəliləyişlərə baxmayaraq, uşaqlıqdan başlayan və ali təhsildə davam edən bərabərsizliklərin genişləndiyi göstərir.

Aşağı və yüksək gəlirli 44 ölkədə iqtisadi bərabərsizlik və uşaqların rifahı arasındakı əlaqəni araşdıran UNICEF hesabatına görə, onların əksəriyyətində gəlir bərabərsizliyi və uşaq yoxsulluğunun nisbətləri yüksək olaraq qalır.

Hesabatda xəbərdarlıq edilir ki, daha varlı, lakin qeyri-bərabər imkanlar olan ölkələrdə böyüyən uşaqlar daha pis fiziki sağlamlıq və təhsil nəticələri ilə üzləşirlər. Sorğu aparılan ölkələrdə qazanc əldə edənlərin ən yaxşı 20 faizinə daxil olan ev təsərrüfatları ən aşağı 20 faizə daxil olanlardan beş dəfə çox gəlir əldə edirlər.

UNICEF-in direktoru Bo Viktor Niland bildirib: “Bərabərsizlik uşaqların təhsilinə, qidalanmasına, həyat haqqında düşüncələrinə dərindən təsir göstərir”.

Hesabatda, həmçinin yüksək səviyyədə bərabərsizlik sağlamlıq nəticələrinin daha pis olması ilə əlaqələndirilib. Ən qeyri-bərabər ölkələrdə uşaqların daha bərabər cəmiyyətlərdə yaşayanlara nisbətən artıq çəkiyə malik olmaları ehtimalı 1,7 dəfə çoxdur. Bu tendensiya daha pis və keyfiyyətsiz qidalanma ilə əlaqələndirilir.

Qeyri-bərabərsizlik təhsil nailiyyətlərinə də xələl gətirir. Ən qeyri-bərabər ölkələrdə uşaqların oxu və riyaziyyat üzrə əsas bacarıqları olmadan məktəbi tərk etmə ehtimalı 65 faizdir, bərabərlik olan ölkələrdə isə bu rəqəm 40 faizdir.

Ölkələr daxilində varlı və yoxsul şagirdlər arasındakı fərqlər eyni dərəcədə kəskindir. Orta hesabla, ən varlı ailələrdən olan 15 yaşlı uşaqların 83 faizi riyaziyyat və oxu üzrə əsas bacarıqlara yiyələnir, ən kasıb ailələrdən olan uşaqlar arasında isə bu rəqəm cəmi 42 faizdir.

UNICEF hökumətləri sosial müdafiə sistemlərini gücləndirməyə, əlverişsiz icmalara investisiya qoymağa, məktəb resurslarını yaxşılaşdırmağa və keyfiyyətli məktəb yeməkləri təmin etməyə çağırıb.

Tədqiqat nəticəsində məlum olub ki, son iki onillikdə ali təhsildə tələbələrin sayı ikiqatdan çox artaraq 2000-ci ildəki təxminən 100 milyondan 2024-cü ildə 269 milyona çatıb. UNICEF xəbərdarlıq edib ki, bu artım bərabər imkanlara çevrilməyib. Qərbi Avropa və Şimali Amerikada gənclərin təxminən 80 faizi ali təhsilə cəlb olunsa da, digər yerlərdə iştirak kəskin şəkildə azalır. Bu göstərici Cənubi və Qərbi Asiyada 30 faizə, Saharaaltı Afrikada isə cəmi 9 faizə bərabərdir.

Universitet təhsilini tamamlanma nisbətləri də qeydiyyat artımına uyğun gəlmir. Amma varlı ölkələrdə qlobal məzun olma nisbəti 2013-cü ildəki 22 faizdən 2024-cü ildə 27 faizə yüksəlib.

“Yeni hesabat davamlı cəmiyyətlərin qurulmasında əvəzolunmaz rol oynayan ali təhsilə artan tələbatı göstərir. Lakin bu genişlənmə həmişə bərabər imkanlara çevrilmir və keyfiyyətli, inklüziv ali təhsili təmin etmək üçün innovativ maliyyələşdirmə modellərinə ehtiyac olduğunu vurğulayır”, - deyə UNESCO-nun Baş direktoru Xalid Enani bildirib.

Qeyd olunub ki, hazırda dünya miqyasında ali təhsil alan qadınların sayı kişilərdən çoxdur (hər 100 kişiyə 114 qadın), baxmayaraq ki, onlar doktorantura səviyyəsində və yüksək akademik rəhbərlikdə az təmsil olunurlar.

Dünyanın 146 ölkəsindən yeni məlumatları özündə birləşdirən hesabatda xərc və coğrafiya ilə əlaqəli artan bərabərsizliklər də vurğulanıb. Ölkələrin yalnız üçdəbiri qanuni olaraq ödənişsiz dövlət ali təhsilini təmin edir, bir çox müəssisə isə artan maliyyə gərginliyi altındadır. Hökumətlərin ali təhsilə xərcləri isə orta hesabla qlobal Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 0,8 faizini təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azertag.az

2Mənbələr