Ankara və İrəvan iki ölkə arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıb. Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli məlumat verib.
"2022-ci ildən davam edən Ermənistanla münasibətlərin normallaşması prosesi çərçivəsində atılan etimad tədbirləri daxilində, ölkəmizlə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə qədər yekunlaşıb", - diplomat X sosial şəbəkəsində yazıb.
Qeyd olunur ki, iki ölkə arasında ümumi sərhədin açılması üçün zəruri texniki və bürokratik işlər davam edir.
"Cənubi Qafqazda möhkəm sülhün və firavanlığın gücləndirilməsi üçün tarixi fürsət fonunda Türkiyə regionda bütün ölkələrin və xalqların xeyrinə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın daha da irəliləməsinə töhfə verməyə davam edəcək", - deyə Türkiyə diplomatının şərhində bildirilir.
O qeyd edib ki, indi Türkiyədən üçüncü ölkəyə, oradan isə Ermənistana göndərilən mallar üçün göndərmə və ya təyinat məntəqəsi kimi ölkənin adını - Türkiyə və ya Ermənistan - göstərmək mümkün olub.
Almaz Həsənli