AZ

Polislə yanaşı vətəndaş...

İctimai məsuliyyətin paylaşılması təhlükəsiz şəhərin əsas zəminidir

Dünyada urbanizasiya proseslərinin sürətləndiyi, şəhərlərin qlobal iqtisadiyyatın, təhlükəsizliyin və sosial münasibətlərin əsas mərkəzinə çevrildiyi bir dövrdə şəhərsalma artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil. İndi şəhər anlayışı təhlükəsizlik, dayanıqlılıq, rəqəmsal idarəetmə, ekoloji balans və insan rifahı ilə birbaşa bağlı strateji istiqamət kimi qəbul olunur.

Məhz bu baxımdan BMT-nin ən nüfuzlu beynəlxalq platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun – WUF13 tədbirinin respublikamızda keçirilməsi Azərbaycan üçün mühüm hadisəsidir. Bu forumun Bakıda təşkili ölkəmizin artıq regional miqyası aşaraq, qlobal urban inkişaf və dayanıqlı şəhərsalma müzakirələrinin fəal platformasına çevrildiyini təsdiqləyir.



Niyə məhz Azərbaycan?

WUF13 Azərbaycanın bu kontekstdəki mühüm üstünlüklərini beynəlxalq səviyyədə nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Əvvəla, bu tədbir Azərbaycanın müasir şəhərsalma sahəsində əldə etdiyi təcrübəni dünyaya təqdim etmək imkanı yaradır.

Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri artıq beynəlxalq maraq doğuran inkişaf modellərinə çevrilməkdədir. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni yaşayış məntəqələri təhlükəsizlik, rəqəmsal texnologiya, yaşıl enerji və dayanıqlı infrastruktur prinsiplərinin vahid platformada birləşdirildiyi nadir nümunələrdəndir.

Digər tərəfdən, forum Azərbaycanın təhlükəsizlik və şəhərsalma siyasətinin müasir çağırışlara uyğun formalaşdığını göstərir. Çünki XXI əsrdə şəhərsalma yalnız gözəl binalar və geniş yollar demək deyil. Müasir şəhər həm də təhlükəsiz, davamlı, rəqəmsal və insan mərkəzli olmalıdır.
 

Həmçinin WUF13 Bakının beynəlxalq urban diplomatiya mərkəzlərindən birinə çevrilməsinə əlavə impuls verəcək. Bu tədbir müxtəlif ölkələrin hökumətlərini, ekspertlərini, vətəndaş cəmiyyəti institutlarını və beynəlxalq təşkilatları Azərbaycanda bir araya gətirməklə yeni əməkdaşlıq imkanları yaradacaq.


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və nazirliyin yanında İctimai Şuranın təşkil etdiyi “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai dinləmə də məhz bu qlobal proseslərin fonunda xüsusi aktuallıq daşıyırdı. Tədbirdə səslənən fikirlər bir daha göstərdi ki, müasir şəhərin inkişafı yalnız infrastruktur quruculuğu ilə deyil, təhlükəsizlik, ictimai iştirakçılıq və dayanıqlılıq prinsipləri ilə ölçülür.

Təhlükəsizlik artıq yalnız cinayətkarlıqla mübarizə deyil

Ənənəvi yanaşmada şəhər təhlükəsizliyi əsasən cinayətkarlıqla mübarizə rakursunda qiymətləndirilirdi. Lakin qlobal proseslər, texnoloji inkişaf və urbanizasiya yeni risklər yaratdığından, təhlükəsizlik anlayışı indi daha geniş məna daşıyır. Artıq söhbət kibercinayətkarlıqdan, nəqliyyat və urban risklərdən, sıx məskunlaşmanın yaratdığı sosial gərginlikdən, fövqəladə hallara hazırlıqdan, informasiya təhlükəsizliyindən, rəqəmsal şəhər idarəetməsinin qorunmasından gedir.
 

Müasir dövlətlər hadisə baş verdikdən sonra reaksiya göstərən deyil, riskləri əvvəlcədən müəyyən edən və qabaqlayan təhlükəsizlik modelinə üstünlük verirlər. Bu “proaktiv təhlükəsizlik” yanaşması hüquq-mühafizə tədbirləri ilə yanaşı, sosial nəzarəti, ictimai məlumatlandırmanı, texnologiyanın tətbiqini və vətəndaş məsuliyyətini özündə birləşdirir.


Bu kontekstdə Azərbaycan polisinin missiyası da yeni mərhələyə qədəm qoyub. Daxili İşlər Nazirliyinin fəaliyyəti artıq klassik hüquq-mühafizə çərçivəsini aşaraq cəmiyyətlə tərəfdaşlıq modelinə əsaslanan təhlükəsizlik institutuna çevrilib.

Son illərdə polisə ictimai etimadın yüksəlməsi təsadüfi deyil. Vətəndaş məmnunluğunun artması, polis-vətəndaş münasibətlərinin davamlı yaxşılaşması, fasiləsiz xidmət prinsipi və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi təhlükəsizlik siyasətinin daha çevik və effektiv xarakter aldığını göstərir.

Xüsusilə diqqət çəkən istiqamətlərdən biri kibercinayətkarlığa qarşı mübarizədir. Dünyada rəqəmsal təhlükələrin sürətlə artdığı bir dövrdə Azərbaycan da bu sahədə beynəlxalq standartlara uyğun mexanizmlər formalaşdırır. Elektron fırıldaqçılıq, məlumat oğurluğu, maliyyə cinayətləri və sosial şəbəkə üzərindən həyata keçirilən təhlükələr artıq klassik cinayət anlayışını dəyişdirib.

Digər mühüm istiqamət isə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik infrastrukturunun qurulmasıdır. Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan yeni yaşayış məntəqələri memarlıq yönümü ilə bərabər, həm də təhlükəsizlik baxımından müasir model üzərində qurulur. Burada “ağıllı şəhər” konsepsiyası təhlükəsizlik sistemləri ilə paralel şəkildə tətbiq edilir.

Müasir şəhərsalma təhlükəsizlikdən ayrı düşünülmür

Dünyada baş verən münaqişələr, terror riskləri, kütləvi miqrasiya prosesləri və iqlim dəyişiklikləri şəhərsalma siyasətinə də ciddi təsir göstərir. Müasir şəhərsalma artıq yalnız estetik və funksional planlama deyil, həm də təhlükəsizlik strategiyasıdır.
 

Beynəlxalq praktikada geniş yayılan “təhlükəsizlik yönümlü dizayn” konsepsiyası bunu açıq şəkildə sübut edir. Bu modelə görə küçələrin işıqlandırılması, açıq ictimai məkanların artırılması, nəzarət imkanlarının gücləndirilməsi, təhlükəsiz nəqliyyat infrastrukturu, piyada hərəkətinin düzgün təşkili, videomüşahidə və rəqəmsal nəzarət sistemləri cinayətkarlığın azalmasına və ictimai təhlükəsizliyin güclənməsinə birbaşa təsir göstərir.


Ən mühüm məqamlardan biri isə təhlükəsizlik komponentinin şəhərsalma prosesinə sonradan əlavə olunmaması, məhz ilkin mərhələdən layihələndirməyə daxil edilməsidir. Bu gün Bakı ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə qurulan yeni şəhər və kəndlər təhlükəsizlik inteqrasiyalı şəhərsalmanın real nümunəsinə çevrilir. Burada həm müasir infrastruktur, həm rəqəmsal idarəetmə, həm də ictimai təhlükəsizlik elementləri paralel şəkildə nəzərə alınır.

Müasir dünyada təhlükəsizliyin təminatı yalnız dövlətin funksiyası kimi qəbul edilmir. Təhlükəsizlik artıq paylaşılmış ictimai məsuliyyət anlayışına çevrilib. Bu baxımdan vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin, yerli icmaların və ictimai şuraların rolu xüsusi əhəmiyyət daşıyır.

İctimai iştirakçılıq qərarların legitimliyini artırır, sosial narazılığı azaldır, risklərin erkən aşkarlanmasına kömək edir, dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirir. Daxili İşlər Nazirliyi yanında İctimai Şura da bu baxımdan mühüm platformadır. Şura bu mühüm dövlət qurumu ilə vətəndaş arasında körpü rolunu oynayır, ictimai nəzarət mexanizmlərini gücləndirir, monitorinq və təkliflər vasitəsilə təhlükəsizlik siyasətinin daha çevik və nəticəyönümlü olmasına töhfə verir.



Təhlükəsiz şəhər, sadəcə qorunan şəhər deyil

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də məhz təhlükəsizlik, şəhərsalma və ictimai iştirakçılığı vahid strateji modelə çevirməkdir. Çünki güclü dövlət yalnız qüdrətli ordusu və iqtisadiyyatı ilə deyil, həm də təhlükəsiz və insan mərkəzli şəhərləri ilə müəyyən olunur.
 

Əslində təhlükəsiz şəhər təkcə kriminal hadisələrin az olduğu, qorunan məkan demək deyil. Təhlükəsiz şəhər insanın özünü güvənli, rahat hiss etdiyi, sərbəst hərəkət edə bildiyi, sosial ədalətin qorunduğu, fövqəladə hallara hazır olan, rəqəmsal təhlükələrdən müdafiə olunan, dövlət-vətəndaş münasibətlərinin sağlam qurulduğu şəhərdir. Bu isə yalnız dövlətin deyil, bütün cəmiyyətin birgə məsuliyyəti və ortaq iradəsi ilə mümkündür.


Belə şəhərdə təhlükəsizlik yalnız polis postları ilə yox, etimad mühiti, sosial rifah, düzgün planlama və ictimai həmrəyliklə təmin olunur.

İxtiyar Hüseynli, əməkdar jurnalist, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın katibi

Seçilən
25
bizim.media

1Mənbələr