"Bir neçə gün əvvəl Gürcüstanın Milli Statistika Xidməti bildirmişdi ki, mart ayında iqtisadi artım 10,7 faiz olub və rüb üzrə orta göstərici 9,1 faizə çatıb. Bu iqtisadi gözəllliyi yaradan səbəbləri yalnız dünən araşdıra bildim. Deməli, bu gözəlliyin gözləri xarici xarici ticarət olub. 2026-cı ilin yanvar-mart aylarında Gürcüstanın ixracı 23,4 faiz artaraq 1,72 milyard dollara yüksəlib. Ən maraqlısı odur ki, təkrar ixrac deyil, məhz ölkədaxili istehsala əsaslanan yerli ixrac 75,1 faiz artıb. Bu emal sənayesində və istehsal zəncirində real genişlənmənin getdiyini göstərir".
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun fikrincə, bu iqtisadi artımın digər səbəbkarı nəqliyyat və logistika sektoru olub:
"2026-cı ilin ilk aylarında nəqliyyat və anbar təsərrüfatında 13,5 faiz artım qeydə alınıb. Qara dəniz limanları, regional tranzit marşrutları və Orta Dəhlizdə artan yük hərəkəti bu dinamikanın əsas mənbələrindən biri kimi göstərilir.
İqtisadi yüksəlişin digər istiqaməti informasiya və rabitə sektoru olub. Sektor üzrə 12,2 faiz artım qeydə alınıb. Rəqəmsal xidmətlərə artan tələbat, texnologiya yönümlü xidmət ixracı və xarici sifarişlərin genişlənməsi bu sahəni gücləndirib.
Növbəti uğurlu dinamika olan sektor peşəkar və texniki xidmətlər sektoru olub. Bu istiqamətdə 10,4 faiz artım qeydə alınıb. Konsaltinq, mühəndislik, biznes xidmətləri və korporativ xidmətlərə artan tələbat bu yüksəlişi dəstəkləyib.
Bu iqtisadi gözəlliyin bədəni kimi tikinti sektorunu da göstərmək olar. Tikintidə 8,7 faiz artım qeydə alınıb. Yeni investisiya layihələri, kommersiya obyektləri və daşınmaz əmlak bazarındakı aktivlik bu sektora əlavə impuls verib".
Digər artan sektor emal sənayesi olub.
"Orada 7,8 faiz artım qeydə alınıb. Xüsusilə yerli istehsalın və ixracyönümlü məhsulların artması bu sahədə real istehsal genişlənməsini gücləndirib. Gürcüstan iqtisadi xariqələr yaratmaqda davam edir".
“Cebheinfo.az”