AZ

İctimai Birlik sədri: Yaşlıların, əlilliyi olan şəxslərin, uşaqların və qadınların şəhər həyatında iştirakını təmin etmək zərurətdir

Bakı, 13 may, AZƏRTAC

Bu gün dünyada urbanizasiya sürətlə artır və şəhərlərin qarşısında yeni məqsədlər, çağırışlar yaranır. Müasir dünyada şəhərlər yalnız yaşayış məkanları, gözəl binalar, yollar və infrastrukturla ölçülmür. Şəhərin inkişaf səviyyəsi onun insanlara nə qədər açıq, təhlükəsiz və inklüziv olmasında öz əksini tapır.

AZƏRTAC xəbər verir ki, bunu “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə "Şəhərlər hamı üçün - Heç kim kənarda qalmasın" adlı tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, inklüziv şəhər yaşından, cinsindən, sosial vəziyyətindən, sağlamlıq imkanlarından və ya digər fərqliliklərdən asılı olmayaraq, hər bir insanın özünü cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etdiyi yerdir: "Yaşlı insanların, əlilliyi olan şəxslərin, uşaqların, qadınların şəhər həyatında tam və bərabər iştirakını təmin etmək zərurətdir. Bu gün iqlim dəyişiklikləri də şəhərsalma siyasətinə yeni çağırışlar yaradır. İqlim böhranından ən çox təsirlənən qruplar yenə də həssas əhali təbəqələridir. Buna görə də şəhərlərin davamlı inkişafı ilə sosial inklüzivlik bir-birindən ayrı olmamalıdır".

İradə Rzazadə qeyd edib ki, Azərbaycan sosial siyasət sahəsində mühüm addımlar atır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən layihələr, sosial xidmətlərin genişləndirilməsi, əlçatan mühitin yaradılması istiqamətində görülən işlər inklüziv cəmiyyət quruculuğuna xidmət edir.

Müxbir - Günel Türksoy

Seçilən
31
azertag.az

1Mənbələr