AZ

Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ

"“Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif olunan dəyişikliklərdə əsasən kolların götürülməsi ilə bağlı qaydaların dəqiqləşdirilməsi nəzərdə tutulur. Lakin ağacların götürülməsi ilə bağlı məsələlərdə hər hansı ciddi yenilik əksini tapmayıb. Halbuki mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda meyvə ağacları istisna olmaqla digər ağacların kəsilməsi qadağandır. Məhz bu baxımdan qanun layihəsinin müzakirəsi zamanı tərəfimizdən kultivasiya yolu ilə becərilmiş, yəni torpaq mülkiyyətçisi tərəfindən sonradan əkilərək yetişdirilmiş ağacların götürülməsi qaydalarının da ayrıca müəyyənləşdirilməsi təklif olundu. Çünki torpaq sahibi öz torpaq sahəsindən necə istifadə etməsi, hansı əkin növlərini aparması və təsərrüfat fəaliyyətini hansı istiqamətdə qurması ilə bağlı daha sərbəst qərarvermə imkanına malik olmalıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdən danışarkən səsləndirdi.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə torpaq mülkiyyətçisi müəyyən məqsədlə ağac əkir, ona illərlə qulluq edir, lakin sonradan həmin sahənin təyinatını dəyişmək və ya fərqli kənd təsərrüfatı fəaliyyəti aparmaq istədikdə ağacların götürülməsi ilə bağlı ciddi məhdudiyyətlərlə üzləşir:

"Bu isə faktiki olaraq torpaqdan səmərəli istifadəyə və aqrar fəaliyyətin çevik təşkilinə maneə yaradır. Burada əsas məqsəd təbii meşə fondunun və ekoloji balansın qorunması ilə yanaşı, insan əli ilə salınmış və təsərrüfat məqsədilə becərilmiş yaşıllıqlarla bağlı daha çevik və balanslı hüquqi mexanizmin formalaşdırılmasıdır. Yəni söhbət təbii meşələrin məhv edilməsindən deyil, mülkiyyətçinin öz vəsaiti və zəhməti hesabına becərdiyi ağaclarla bağlı hüquqlarının daha aydın tənzimlənməsindən gedir.
Hesab edirəm ki, qaldırdığımız bu məsələ aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən geniş şəkildə təhlil olunacaq və gələcəkdə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericilik təşəbbüsü ilə çıxış ediləcək".

Aytəkin TOFİQQIZI

Seçilən
40
1
redaktor.az

2Mənbələr