Ağ Ev sahibi Donald Tramp Çində səfərdədir. 13-15 may aralığında baş tutacaq səfərdə Birləşmiş Ştatların rəhbərinin “əli dolu çamadan”la qayıdıb-qayıtmayacağı ciddi suallar doğurur. Heç şübhəsiz ki, ABŞ prezidentinin səfərindən narahat olan ölkələr var ki, onların önündə İran gəlir.
Artıq rejim narahatlığını büruzə verməyə başlayıb. İranda hesab edirlər ki, Pekinin Vaşinqtonla mümkün razılaşması İranın maraqlarına zidd ola bilər. Təsadüfi deyil ki, İranın Çindəki səfiri Rəhmani Fəzli qabaqdan gəlmişlik edərək Pekinin təkcə iqtisadi tərəfdaş deyil, həm də Tehranın xarici təhdidlərə qarşı siyasi balanslaşdırma strategiyasının bir hissəsi olması barədə açıqlama verib.
İranlı diplomatın sözlərinə görə, İran xarici işlər naziri Abbas Əraqçinin Çinə səfəri Tehranın ABŞ və İsraillə son münaqişədən sonra diplomatik mövqelərini yenidən nəzərdən keçirməyə çalışdığı bir vaxta təsadüf edib:
“İran müharibədən sonrakı dövrü idarə edərkən sadəcə müvəqqəti cavablara güvənmir, əksinə strateji tərəfdaşlarla qarşılıqlı əlaqə yolu ilə diplomatik uyğunluğunu yenidən müəyyənləşdirməyə çalışır".
Fəzli əlavə edib ki, Çin böhrana İrana təzyiq göstərmək deyil, müharibənin qarşısını almaq və regional təhlükəsizliyin çökməsinin qarşısını almaq baxımından yanaşır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, Çinin İrandakı teokratik rejimi silah və texnologiya ilə təmin etməsi sirr deyil:
“Pekin eyni zamanda İranın raket zərbələri endirdiyi Körfəz ölkələri ilə də sıx əməkdaşlıq edir. Digər tərəfdən Çin lideri Si Cinpin Pekində Donald Trampla müsbət nəticələr əldə ediləcəyinə ümidlidir. Əlbəttə, Pekin Tehranla sıx əməkdaşlıqdan imtina etməyəcək. Ancaq Çin İranla hərbi əməkdaşlığı indikindən daha üst səviyyəyə qaldırmaya da bilər. Tramp Pekindəki müzakirələrdə Si Cinpini Çinin İrana hərbi dəstəyini dayandırmasını istəyəcək. Çinin üzləşdiyi iqtisadi yavaşlamanı nəzərə alaraq, Pekin ABŞ ilə başqa bir tarif müharibəsi istəmir. Pekin üçün ABŞ bazarına çıxış əldə etmək daha vacibdir”.
Politoloqun sözlərinə görə, Çin İrana uranın zənginləşdirilməsi və nüvə silahına yiyələnmək məsələsində qırmızı xətti keçməməyə diqqət yetirib: “Pekin İrana qarşı artan sanksiyalardan da ehtiyat edir. Çin İran neftini almaqda davam etmək istəyir. Ancaq Çin texnologiyalarını İranla paylaşmaqdan çəkinir. Məsələ burasındadır ki, ikili istifadə üçün nəzərdə tutulmuş texnologiyaların köçürmələri Tehranın ballistik raket və kosmik buraxılış vasitələrinin imkanlarını artırmasına kömək edir.
Buna baxmayaraq, İran dronlarında sensorlar və yarımkeçiricilər də daxil olmaqla Çin komponentləri aşkar edilib. Tramp Çinpindən Tehrana bu yardımın dayandırılmasını da tələb edəcək. ABŞ kəşfiyyatının məlumatına görə, Çin yaxın bir neçə həftə ərzində İrana yeni hava hücumundan müdafiə sistemləri çatdırmağa hazırlaşır. Vaşinqtonda hesab edirlər ki, İran mövcud atəşkəsdən əsas xarici tərəfdaşlarının köməyi ilə müəyyən silah sistemlərini yeniləmək üçün bir fürsət kimi istifadə edə bilər. Pekin geri çəkilərsə, İranda dayaqları zəifləyəcək. Tramp Pekinə səfərdən öncə “əgər Çin İranı raketlərlə təmin edərsə, Çinin böyük problemləri olacaq”, - deyə açıqlama verib. Çinin İran siyasətində dəyişikliklərin olub-olmayacağı Trampın Pekinə səfərindən sonra müəyyənləşəcək”.
Cavanşir ABBASLI,
Musavat.com