AZ

Azərbaycanın sülh təşəbbüsü regionun gələcəyinə hesablanmış strateji baxışdır

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıqdan sonra  regionda dayanıqlı inkişafın təmin olunması, Ermənistanla münasibətlərdə yeni səhifə açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Buna nail olmaq üçün müxtəlif  məkanlarda və tərkiblərdə görüşlər oldu. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirməklə bərabər, bunu Ermənistandan da tələb etdi. Ötən  il avqustun  8-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar, həmçinin həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri birgə bəyannamə imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinə, siyasi dialoqun təşviqinə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir: "Dövlət başçısı İlham Əliyevin 2021-ci ilin noyabrında Türk Dünyasının Ali Ordeninə, bu ilin fevralında "Zayed İnsan Qardaşlığı Mükafatı"na, aprelin 26-da  isə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi də özündə mühüm məqamları ehtiva edir. Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda sülh gündəliyinin müəllifi olması dünyada qəbul edilmiş reallıqdır. Otuz ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışın dəyərini çox yaxşı bilir. Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına məktubunda qeyd etmişdi ki, Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq".

Deputat qeyd edib ki, Cənubi Qafqaz uzun illər münaqişə, qarşıdurma və geosiyasi gərginliklərin təsiri səbəbindən inkişaf imkanlarını tam reallaşdıra bilməmiş bir region olub. Lakin Azərbaycanın regionda yaratdığı yeni reallıq göstərir ki, inkişafın və təhlükəsizliyin əsas yolu sülhdən keçir. Sülh təşəbbüsünün əsas müəllifi məhz Azərbaycandır. Bu il mayın 10-da Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirdi ki, bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi yalnız iki ölkə arasındakı münasibətlərin normallaşmasına xidmət etmir, bu təşəbbüs bütövlükdə Cənubi Qafqazın iqtisadi və siyasi gələcəyini müəyyənləşdirə biləcək bir modeldir: "Çünki regionda dayanıqlı sabitlik yaranarsa, nəqliyyat layihələri genişlənəcək, enerji əməkdaşlığı güclənəcək və beynəlxalq investorların Cənubi Qafqaza marağı daha da artacaq. Ermənistan üçün də inkişafın ən real yolu Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Uzun illər davam edən işğal siyasəti Ermənistan iqtisadiyyatını regional layihələrdən kənarda qoyub. Nəticədə bu ölkə həm iqtisadi, həm də demoqrafik baxımdan ciddi problemlərlə üzləşib. Halbuki Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, regional kommunikasiya xətlərinin bərpası Ermənistan üçün yeni iqtisadi imkanlar yarada bilər. Xüsusilə Zəngəzur dəhlizi (TRIPP) və digər nəqliyyat-kommunikasiya layihələri regionun iqtisadi xəritəsini dəyişmək gücünə malikdir. Azərbaycanın təşəbbüskarı olduğu sülh prosesi yalnız diplomatik addım deyil, regionun gələcəyinə hesablanmış strateji baxışdır".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr