Dünyaşöhrətli müğənni Cennifer Lopezlə keçmiş həyat yoldaşı, hollivud ulduzu Ben Afflekin birgə sahib olduqları Beverli Hillzdəki dəbdəbəli malikanə yenidən satışa çıxarılıb. Əmlak əvvəlcə 68 milyon dollara satışa çıxarılsa da, sonradan bir neçə dəfə qiyməti aşağı salınıb. Beləliklə, malikanənin dəyərində təxminən 20 milyon dollarlıq endirim edilib.
Həftənin TRANSFERİ

Kiprin “Omoniya” klubunun futbolçusu Jali Muaddibin “Qarabağ”a keçidi təsdiqlənib. Bu barədə klubun baş meneceri Giorqos İrakleus açıqlama verib. İrakleus 25 yaşlı fransalı vingerin Azərbaycan təmsilçisi ilə razılaşdığını deyib. Qeyd edək ki, Jali Muaddibin “Omoniya” ilə sözləşməsi mövsümün sonuna qədər olduğundan, oyunçu yayda “Qarabağ”a azad agent kimi keçəcək.
Həftənin QƏLƏBƏSİ

İspaniya çempionatının 35-ci turunda “El Klasiko” baş tutub. “Barselona” və “Real” “Nou Kamp”da üz-üzə gəlib.“Barselona” bu matçda qalib gələrək, çempionluğunu rəsmiləşdirib. 9-cu dəqiqədə Markus Reşford fərqlənib. Ferran Torres 18-ci dəqiqədə fərqlənib. Oyun ev sahiblərinin qələbəsi ilə bitib.
Həftənin YANĞINI

Lökbatanda baş verən yanğında anbar ərazisinin 21 min kvadratmetri yanıb. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000 kvadratmetr olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kvadratmetr sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Həftənin PIÇILTISI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkənin Baş naziri Nikol Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşüb. Hadisə Paşinyanın İrəvanda seçkiqabağı kampaniyası zamanı baş verib. Səs yazısında Mirzoyanın Paşinyanın qulağına “Türklər bu gün açırlar. Bir “xoş gəldin” mətni, XİN-in mətbuat katibindən şərh hazırlayaq” dediyi eşidilir.
Həftənin DOLLARI

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə üzərində öz portreti olan dollar əskinasına bənzər görüntü paylaşıb. Paylaşımda klassik ABŞ dolları dizaynının əvəzinə Trampın fotosunun yer aldığı əskinas təsvir edilib. Rəsmi status daşımayan bu görüntü qısa zamanda sosial mediada müzakirələrə səbəb olub.