AZ

Bu halda imtahanda hamıya bal veriləcək - Məleykə Abbaszadə AÇIQLADI

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan suallarında səhv aşkar olunduğu hallarda görülən tədbirlər və nəticələrin gec açıqlanmasının səbəbləri barədə danışıb.

Redaktor.az xəbər verir ki, o, APA İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, imtahandan sonra hər hansı sualda səhv aşkarlanarsa, həmin tapşırığa görə bütün iştirakçılara bal verilir.

Məleykə Abbaszadənin sözlərinə görə, belə hallar çox nadir baş verir və əsasən texniki səbəblərlə bağlı olur.

“Səhvə görə məsuliyyəti həmin sualı hazırlayan və ekspertizadan keçirən şəxslər daşıyır”, - deyə o qeyd edib.

DİM sədri vurğulayıb ki, bu cür hallarda müəllif və ekspertlərə xəbərdarlıq, töhmət verilə və hətta onlarla əməkdaşlıq tam dayandırıla bilər.

Məleykə Abbaszadə buraxılış imtahanlarının nəticələrinin açıqlanma müddətinə də toxunub. O bildirib ki, nəticələrin daha qısa müddətdə elan olunması mümkündür, lakin bunun üçün marker-ekspertlərin sayının artırılmasına ehtiyac var.

Onun sözlərinə görə, markerlər xüsusi hazırlıq kurslarından keçərək imtahan verir və uyğun hesab olunduqdan sonra cavabların yoxlanılması prosesinə cəlb olunurlar.

“Bu prosesdə nə qədər çox marker iştirak etsə, nəticələri də bir o qədər tez yoxlamaq mümkün olar”, - deyə DİM sədri bildirib.

Məleykə Abbaszadə əlavə edib ki, bu il bayram günlərinin çox olması səbəbindən ekspertlərin iş qrafikində müəyyən çətinliklər yaranıb.

O qeyd edib ki, ekspertlər yazı işlərini DİM-in xüsusi onlayn platforması üzərindən məsafədən qiymətləndirirlər və sistem milyonlarla tapşırığın yoxlanılmasına imkan yaradır.

“Təəssüf ki, hazırda markerlərin sayı istənilən səviyyədə deyil”, - deyə Məleykə Abbaszadə vurğulayıb.

 

Seçilən
11
redaktor.az

1Mənbələr