AZ

Bu imtahanda saxtakarlıq halları müşahidə olunur - Məleykə Abbaszadədən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beynəlxalq imtahanlar və xarici dil tədrisi ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, o, APA İnformasiya Agentliyinə müsahibəsində tədrisi ingilis dilində olan məktəblərin nəticələrini şərh edib.

Məleykə Abbaszadənin sözlərinə görə, bu tip məktəblərdə şagirdlərin ingilis dili səviyyəsi ümumilikdə yaxşı olsa da, bu, onların digər fənlərdə eyni səviyyədə nəticə göstərməsi demək deyil.

O bildirib ki, xüsusilə riyaziyyat fənni üzrə göstəricilərdə Azərbaycan və rus bölməsi ilə müqayisədə bəzi hallarda daha aşağı nəticələr müşahidə olunur.

DİM sədri qeyd edib ki, bu il ilk dəfə olaraq tədrisi ingilis dili olan məktəblərin şagirdləri arasında maksimal nəticə göstərən cəmi bir nəfər olub.

Məleykə Abbaszadə həmçinin beynəlxalq sertifikatlar və imtahanlarla bağlı məsələyə də toxunub və bildirib ki, SAT imtahanı ilə bağlı quruma müxtəlif narahatlıqlar daxil olub.

“SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bəzi hallarda SAT nəticələri ilə yerli imtahan nəticələri arasında ciddi uyğunsuzluqlar müşahidə edilir.

DİM sədri qeyd edib ki, bu məsələ ilə bağlı beynəlxalq qurumlara dəfələrlə müraciət olunub.

O, həmçinin bildirib ki, Azərbaycanda SAT nəticələri ilə qəbul həyata keçirən universitetlər artıq əlavə şərtlər tətbiq edir və buraxılış imtahanında minimum riyaziyyat balı tələbi də buna daxildir.

Məleykə Abbaszadənin sözlərinə görə, bu addım daha ədalətli seçim mexanizminin formalaşmasına xidmət edir və saxta nəticələrin qarşısını almağa kömək edə bilər.

 

Seçilən
8
1
redaktor.az

2Mənbələr