AZ

Cavanşir Paşazadə: “Günorta yeməyi heç vaxt yeməmişəm, bu, iş rejimimlə əlaqəli olub”

Milli Məclisin deputatı Cavanşir Paşazadə Bakıdakı restoranlardan az istifadə etməsi, ev yeməklərinə üstünlük verməsi barədə danışıb.

 

Deputat Pravda.az-a müsahibəsində çöl yeməklərinə, yağlı yeməklərə az üstünlük verdiyini deyib.

 

O, restoranlara nadir hallarda getdiyini bildirib: “Bəzən qonaqlarla, yaxud nəvələrimin ad günlərində restoranlara məcbur qalıb gedirəm. Üstünlüyü ev yeməklərinə, yağsız yeməklərə,  tərəvəz yeməklərinə verirəm. Ağır yeməkləri sevmirəm. Müəyyən yaşdan sonra insanlar artıq şeylərdən özlərini çəkindirsələr, yaxşı olar. Mənim indi riayət etdiyim yemək normasına gənc yaşdan başlasınlar. Bu, sağlamlığı qorumaq üçün vacibdir. Bizə sağlam gənclər lazımdır. Sağlam qidalansınlar. Bəzi pis vərdişlərdən uzaq olsunlar. Çox yemək zərərlidir”.

 

O, bir çox məşhur restoranların mətbəxlərində vəziyyətin ürəkaçan olmaması barədə şikayətlərə belə cavab verib: “Bu gün öz nüfuzunu saxlayan restoranlar Bakıda çoxdur. Gözəl məkanlar var və inanmıram ki, belə yerlərin mətbəxində nöqsanlar olsun. Gənclərimiz tez başa gələn yeməklərdən, “fast food”lardan istifadə edirlər. Yol kənarındakı bəzi kafelərdə, yeməkxanalarda yeməyi bir neçə gün saxlayırlar, yaxud restoranlarda yeməklər artıq qalanda yeməkxanalara verirlər, onlar da yeməyi yenidən satmağa çalışırlar. Belə problemlər var. Gənclərimiz bu cür yerlərdə yeməkdən çəkinsələr, daha yaxşı olar. Avtobus dayanacaqlarında, məktəblərin önündə tez-bazar, ucuz qiymətə başa gələn yeməklər hazırlanır. Görürsən ki, bu məkan əti 1 manata, yaxud 1 manat 50 qəpiyə verirsə, maya dəyərini çıxarmır, bu, təkrar emala gedən məhsul da ola bilər. Təbii ki, gənclərimiz belə qidalardan çəkinsələr, daha yaxşı olar. Mən əzəldən, təxminən, qırx ildir, gündə iki dəfə - səhər, bir də axşamüstü 17:00-18:00 arasında yemək yeyirəm. Artıq öyrəşmişəm. Şəxsən günorta yeməyi heç vaxt yeməmişəm. Bu da iş rejimimlə əlaqəli olub. Bu səbəbdən Milli Məclisdə çox az hallarda yemək yeyirəm. Qonaqlar varsa, çay içirik və s. Günorta yeməyini parlamentin yeməkxanasında yeyən deputatlar da çoxdur. Yeməklər təmizdir. Sahibə xanım Qafarova  həm deputatlar, həm də parlamentin digər işçiləri üçün  çox gözəl şərait yaradıb.  Xarici ölkələrdən Azərbaycana gələn qonaqlar da parlamentin yeməkxanasından istifadə edirlər. Buna görə də yeməkxana nəzarətdədir. Çox gözəl yeməklər hazırlanır. Bu barədə Milli Məclisdə neqativ hal yoxdur, ola da bilməz".

 

Aytəkin Qardaşova

Tarix: 14 May 2026, 16:47   
Seçilən
26
pravda.az

1Mənbələr