Son illər həm Azərbaycanda, həm də dünyada gənc yaşlarda ölüm halları daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Mütəxəssislər bunun səbəbləri sırasında genetik faktorlarla yanaşı, qidalanma vərdişlərini, emal olunmuş məhsulların artmasını və dəyişdirilmiş qidaların insan sağlamlığına təsirini də xüsusi qeyd edirlər.
Bəs gündəlik istifadə etdiyimiz meyvə-tərəvəz və digər qidalar insan orqanizmində genetik dəyişikliklər yarada bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov bildirib ki, Azərbaycana genetikası dəyişdirilmiş məhsulların gətirilməsi və rayonlaşdırılması qanunla qadağan olunub.
Onun sözlərinə görə, bəzi meyvə və tərəvəzlərin mövsümündən kənar istehlakı da düzgün hesab edilmir:
“Bütün meyvə və tərəvəzlər öz mövsümünə uyğun formalaşıb. Bu uyğunluq təbiətin yaratdığı bir sistemdir. Məsələn, alça və gilas yay mövsümündə orqanizmin tərləmə nəticəsində itirdiyi mineralların bərpasına dəstək olur. Qışda isə təbiət başqa xüsusiyyətli meyvələri təqdim edir. Heyva ağciyərlər üçün faydalıdır, alma isə qızdırma zamanı orqanizmə dəstək verir”.
Ağa Salamov ürək-damar xəstəliklərinin artmasında istifadə olunan yağların da mühüm rol oynadığını deyib. Müsahibimiz bildirib ki, ənənəvi olaraq Azərbaycan mətbəxində nehrə yağı, quyruq yağı və kərə yağından istifadə olunub:
“Bu gün isə daha çox bitki yağlarından istifadə edilir. Bitki yağları yüksək temperaturda istifadə olunduqda trans-yağlara çevrilə bilir və bu da orqanizmdə müxtəlif fəsadlara yol açır”.

Ağa Salamov: Əsas təhlükə təbii heyvan yağlarından çox, hidrogenləşdirilmiş və trans-yağa çevrilmiş yağlardır
Ekspert deyib ki, insanlar palma yağını və marqarini zərərli hesab etsələr də, qarğıdalı yağı kimi duru yağlar da yüksək temperaturda təhlükəli hala gələ bilir:
“Yüksək istilik nəticəsində yağın kimyəvi quruluşunda dəyişiklik baş verir və trans-yağ əmələ gəlir. Bu isə insan sağlamlığı üçün təhlükəlidir. Bitki yağlarında hazırlanan yeməklər daha çox pörtləmə üsulu ilə bişirilməli, yüksək temperaturdan qaçınılmalıdır. Yüksək temperaturda bişirilən bəzi məhsullarda akrilamid adlı maddə əmələ gələ bilər ki, bu da sağlamlıq üçün risk hesab olunur".
Zeytun yağının yüksək temperatura daha davamlı olduğunu və bitki mənşəli yeməklərin hazırlanmasında daha uyğun seçim sayıldığını vurğulayan ekspert milli mətbəxin düzgün formada təbliğinin vacibliyini də qeyd edib:
“Azərbaycan mətbəxinin ənənəvi forması əslində sağlam qidalanma prinsiplərinə əsaslanır. Əsas təhlükə təbii heyvan yağlarından çox, hidrogenləşdirilmiş və trans-yağa çevrilmiş yağlardır. Bəzi xəstəlikləri olan insanlar yağlı qidalarla bağlı mütləq həkim məsləhəti almalıdırlar”.
Zeynəb Rzayeva