Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampa Tayvan məsələsi ilə bağlı xəbərdarlıq edib.
Dövlət başçısı bildirib ki, Tayvan probleminin yanlış həlli iki ölkə arasında silahlı qarşıdurmaya səbəb ola bilər. O, vurğulayıb ki, ABŞ və Çin düzgün addımlar atacağı halda bölgədə sabitliyi qoruyub saxlamaq mümkündür. Si Cinpinin sözlərinə görə, yanlış siyasət münasibətləri təhlükəli vəziyyətə gətirə bilər.
Politoloq Asif Nərimanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Tayvan məsələsi hər zaman Amerika tərəfindən Çinə qarşı istifadə olunan bir vasitədir.
Onun fikrincə, Si Cinpinin xəbərdarlığı Amerikanın bu kartdan istifadə etməsindən imtina etməsinə səbəb olmayacaq:
"Sadəcə olaraq, mövcud geosiyasi vəziyyət nəzərə alınanda, Amerika Tayvan məsələsini bir qədər arxa plana keçirə bilər. Çünki ABŞ-nin əsas hədəfi İrandır və İranda müharibənin istənilən nəticə əldə edə bilməməsi Trampın Si Cinpin qarşısında əlini zəiflətdi. Tramp çox çalışırdı ki, İran məsələsini həll etdikdən sonra Çinə səfər etsin və daha güclü mövqedən çıxış etsin. Lakin əksinə baş verdi və indiki vəziyyətdə Amerika Tayvan məsələsini Pekinin İranla bağlı mövqeyinə təsir etmək üçün istifadə edə bilər. Amerika istəyir ki, Pekin, yəni Çin, İran məsələsində ən azı neytral mövqe sərgiləsin və ya Hörmüz boğazının açılması ilə bağlı məsələdə İrana təzyiq etsin".

Siyasi şərhçi hesab edir ki, ABŞ Tayvan məsələsini bir qədər təxirə sala bilər:
"Bu, Çin üçün imkan yarada bilər ki, Tayvan ətrafında daha çox qüvvələrini toplasın və məsələyə öz nəzarətini gücləndirsin. Lakin ümumilikdə Tayvan məsələsinin bununla bitəcəyini düşünmürəm. Si Cinpinin xəbərdarlığı göstərir ki, Pekin təkcə bunu qırmızı xətt kimi elan etmir, həm də bu məsələnin Amerika-Çin münasibətlərində həlledici məqam olduğunu vurğulayır. Bu, Çini uzaq coğrafiyalarda, o cümlədən İranda, Amerikanın maraqlarını nəzərə almağa məcbur edə bilər. Amerika başa düşür ki, Çin onun əsas rəqibidir və bu qədər böyük iqtisadiyyatı boğmaq mümkün deyil. Həmçinin, Amerika və Çin arasında qarşılıqlı iqtisadi asılılıq mövcuddur. Lakin Amerika çalışır ki, Çin Avrasiyada onun əsas güc olduğunu qəbul etsin və bir çox məsələdə onunla hesablaşsın. Bu, tərəfləri məsələləri toqquşma müstəvisindən uzlaşma müstəvisinə keçirməyə məcbur edir və bir-birinə güzəşt etməyə yönləndirir".
A.Nərimanlı qeyd etdi ki, tərəflər nə qədər istəməsələr də, maraqlar toqquşsa da, mövcud vəziyyət göstərir ki, ABŞ və Çin bir növ uzlaşmağa məcbur olublar:
"Trampın Çinə səfəri, Si Cinpinin onu yüksək səviyyədə qarşılaması və aparılan danışıqlar göstərir ki, Pekin və Vaşinqton hələlik toqquşmadan uzaqlaşmaq və bir-birinin maraqlarını nəzərə almaq məcburiyyətindədirlər. Digər tərəfdən isə tərəflər maraqların nəzarətdən çıxmasını istəmirlər, çünki bu, qarşıdurmanı şiddətləndirər və hər iki ölkəyə sərf etməz. Beləliklə, Tayvan məsələsi yaxın perspektivdə Amerika üçün bir qədər arxa plana keçə bilər, amma Amerika bu məsələni heç vaxt tamamilə kənara qoymayacaq. Çünki Tayvan Çinə qarşı ən güclü təsir vasitələrindən biridir və Amerika bundan zaman-zaman həm diplomatik, həm də təzyiq vasitəsi kimi istifadə edə bilər".
Xədicə BAXIŞLI