AZ

Bu yaşda uşaqlara diqqət! Ekspertdən müəllimlərə çağırış

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Məktəblərdə müəllim və şagird münasibətləri son dövrlərdə daha çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə yeniyetməlik dövrünə qədəm qoyan 5-ci sinifdən yuxarı şagirdlərlə ünsiyyət zamanı müəllimin davranışı onların psixoloji vəziyyətinə, dərsə münasibətinə və ümumi inkişafına birbaşa təsir göstərir. Bəs müəllimlər bu yaş qrupundakı şagirdlərlə necə davranmalıdır və sağlam məktəb mühitinin formalaşması üçün hansı prinsiplər vacib sayılır?Məsələ ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, müəllim və şagird arasındakı münasibət təkcə bilik ötürülməsi deyil, həm də bir xarakterin formalaşması prosesidir:"Xüsusilə 5-ci sinifdən yuxarı, yəni yeniyetməlik dövrünə qədəm qoyan şagirdlərlə davranış xüsusi pedaqoji və psixoloji hazırlıq tələb edir. Müəllimlərin bu yaş qrupu ilə davranış prinsiplərini və mənfi hadisələrdəki rolunu bir neçə mühüm istiqamətdə təhlil edə bilərik:5-ci sinifdən etibarən uşaqlarda "fərdiyyətçilik" və "özünü təsdiq" hissi baş qaldırır. Bu yaşda olan şagirdlər artıq onlara uşaq kimi deyil, bir şəxsiyyət kimi yanaşılmasını gözləyirlər.Müəllim şagirdə əmr edən tərəf kimi deyil, ona yol göstərən, onun fikrinə dəyər verən bir bələdçi kimi yanaşmalıdır. Şagirdin ləyaqətini alçaldan hər hansı bir hərəkət və ya söz onlarda dərin travma və məktəbə qarşı nifrət yarada bilər.Müəllim şagirdin təkcə suallarına cavab verməməli, həm də onun problemlərini, narahatlıqlarını dinləməyi bacarmalıdır.

Təəssüf ki, son zamanlar mediada rast gəldiyimiz neqativ hallarda müəllim davranışının rolu danılmazdır. Bu, bir neçə formada özünü göstərir:

Müəllim tərəfindən tətbiq edilən psixoloji təzyiq və ya sinif qarşısında şagirdi utandırmaq, şagirdin aqressivləşməsinə və ya qapanmasına səbəb olur. Bəzən bu aqressiya ya müəllimə, ya da digər həmyaşıdlarına qarşı fiziki zorakılığa çevrilir.Şagirdlər arasındakı bullinqi (zorakılığı) görməzdən gələn və ya "uşaqdırlar, özləri həll edərlər" deyən müəllim, əslində böyük bir faciənin təməlini qoymuş olur".Ekpsert deyib ki, müəllim sinifdə həm emosional lider, həm də təhlükəsizlik zəmanətçisi olmalıdır:"Həddindən artıq sərt, "yalnız mənim dediyim düzdür" deyən müəllim tərzi müasir informasiya dövrünün uşaqları ilə kəskin ziddiyyət yaradır. Bu ziddiyyət sonda münaqişəyə və xoşagəlməz xəbərlərin mövzusuna çevrilir.Belə bir vəziyyətdə müəllim nə etməldir?Empatiya: Şagirdin səhvini düzəldərkən "mən onun yerində olsaydım, hansı tonu eşitmək istərdim?" sualını özünə vermək.Şəxsi nümunə: Müəllim şagirdindən tələb etdiyi mədəniyyəti, səbri və intizamı ilk növbədə özü nümayiş etdirməlidir.Etibar qazanmaq: Şagird bilməlidir ki, müəllim onun səhvini üzünə vurmaq üçün deyil, onu düzəltmək və inkişaf etdirmək üçün ordadır.Təcrübə göstərir ki, Şagirdlərin mənfi xəbərlərlə gündəmə gəlməsində müəllim davranışı həm tətikləyici, həm də önləyici rol oynaya bilər. Müasir müəllim təkcə fənnini tədris edən şəxs deyil, həm də şagirdin daxili dünyasını anlayan, onunla sağlam ünsiyyət qura bilən psixoloq olmalıdır. Cəmiyyətdə baş verən neqativlərin qarşısını almağın yolu sinif otaqlarında qurulan qarşılıqlı hörmət münasibətindən keçir",- deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
demokrat.az

1Mənbələr