AZ

Kuba və ABŞ rəsmiləri görüşüb

Kuba Daxili İşlər Nazirliyi Havanada qurum nümayəndəsi ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff arasında görüş keçirildiyini bildirib.

"Far.Az"un yerli mediaya istinadən verdiyi məlumata görə, Amerika nümayəndə heyətinin səfəri ABŞ hökumətinin xahişi ilə təşkil edilib. Kuba tərəfi nümayəndə heyətinin qəbulunu və Kuba Daxili İşlər Nazirliyinin nümayəndəsi ilə danışıqlarını təsdiqləyib.

Qurum qeyd edib ki, görüş mayın 14-də Kuba-Amerika münasibətlərinin çətin vəziyyəti fonunda baş tutub və iki ölkə arasında siyasi dialoqun təşviq edilməsi məqsədi daşıyır. Danışıqlar zamanı Kuba tərəfi Havanadan ABŞ-nin milli təhlükəsizliyinə təhdidin olmadığını təsdiqləyən məlumatlar təqdim edib.

Nazirlik həmçinin bildirib ki, Vaşinqtonun Kubanı ABŞ-ın terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etmək üçün heç bir hüquqi əsası yoxdur.

"Kuba terrorçu və ya ekstremist təşkilatları dəstəkləmir, maliyyələşdirmir və ya ərazisinə buraxmır. Kuba ərazisində heç bir xarici hərbi və ya kəşfiyyat bazası yoxdur", - deyə nazirlik vurğulayıb.

Havana bildirib ki, ölkə öz ərazisindən ABŞ-yə və ya hər hansı digər ölkəyə qarşı düşmənçilik fəaliyyəti üçün istifadə olunmasını dəstəkləməyib və dəstəkləməyəcək.

Bundan əlavə, görüşdən sonra tərəflər iki dövlətin təhlükəsizliyi, eləcə də regional və beynəlxalq sabitlik maraqları naminə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Seçilən
83
far.az

1Mənbələr