AZ

Novruz bayramı günü evdən getmək istəyən sevgilisini döyən gəncə hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Rəsulovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib, barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.

 

İttihama görə, hadisə 2026-cı il martın 20-də gecə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzillərin birində baş verib.

 

Belə ki, 2003-cü il təvəllüdlü Fərəc Rəsulov həmin gecə tanışı, zərərçəkmiş Lamiyə Kərəmovala (adı, soyadı şərtidir) birlikdə asudə vaxt keçirib. Lakin sonra qadının evdən getmək istəməsi tərəflər arasında narazılığa səbəb olub. Bu səbəbdən onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və vəziyyət gərginləşib. Mübahisə zamanı əsəbiləşən təqsirləndirilən şəxs qadına hücum edib. O, əl və yumruq zərbələri ilə Lamiyənin burun, göz, sifət və bədən nahiyələrinə ardıcıl zərbələr endirib və qadın xəsarətlər alıb.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

 

Hadisədən sonra Fərəc Rəsulov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Zərərçəkmiş Lamiyə Kərəmova məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və hər hansı şikayət və tələbinin olmadığını bildirib.

 

Eyni zamanda, Fərəc Rəsulov da məhkəməyə müraciət edərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və onun tərəfindən şikayət və tələb olmadığını qeyd edib.

 

Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 15 May 2026, 08:04   
Seçilən
49
pravda.az

1Mənbələr