Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Pekində görüş keçirilib. Böyük Xalq Yığıncaqları Zalında baş tutan dialoqda "Tesla" və "Apple" də daxil olmaqla, ABŞ-nin bir neçə böyük şirkətinin rəhbərləri də iştirak edib.
Məlumata görə, danışıqlar iki saatdan bir qədər çox davam edib. Bildirilib ki, həmçinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fikir mübadiləsi aparılıb.
Bəs sözügedən danışıqlar fonunda bundan sonra Rusiya-Ukrayna müharibəsinin seyri dəyişə bilərmi?
Mövzu ilə bağlı rusiyalı analitik Daria Qrevtsova və amerikalı politoloq Endryu Korybko Bizim.Media-nın suallarını cavablandırıb.
Korybko bildirib ki, Putin Qələbə Günündə müharibənin sona yaxınlaşdığını bildirdi:
“Bununla belə, onun maksimalist məqsədlərindən nə dərəcədə geri çəkilməyə hazır olduğu hələ məlum deyil. Eyni qeyri-müəyyənlik Ukrayna üçün də keçərlidir. Çünki Kiyev böyük ölçüdə ABŞ və Avropadan ibarət ikili himayədarlarının iradəsindən asılıdır və artıq həmin tərəflər də əvvəlki kimi eyni mövqedən çıxış etmirlər. Çin bu prosesdə birbaşa realist rol oynaya bilməsə də, böyük strateji mənzərə baxımından tamamilə əhəmiyyətsiz də deyil”.
Amerikalı analitikə görə, əgər ABŞ Ukrayna məsələsində Çinlə böyük ticarət razılaşması əldə etməzdən əvvəl Rusiya ilə böyük bir anlaşma bağlasa, bu halda Çin əlverişsiz vəziyyətə düşəcək və əks ssenaridə də eyni hal Rusiya üçün keçərli ola bilər:
“Buna görə də mümkün razılaşmaların hansı ardıcıllıqla əldə olunacağı həm Çin, həm də Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Elə Putinin səfərinin önəmi də məhz bundan qaynaqlanır. Çox güman ki, tərəflər ABŞ ilə mümkün razılaşmalar, bu razılaşmalar naminə etməli ola biləcəkləri narahatedici kompromislərə gedə bilər. Əgər heç biri Vaşinqtonla anlaşa bilməsə, faktiki müttəfiqliyə gedib-getməmək məsələsini müzakirə edəcəklər”.
Rusiyalı analitik Qrevtsova isə bildirib ki, çox güman ki, sözügedən görüş Rusiya ilə Ukrayna arasındakı müharibəyə də, eləcə də Amerika ilə İran arasındakı müharibəyə də ciddi şəkildə təsir etməyəcək:
“Birincisi ona görə ki, bu mövzu hazırda Tramp üçün Çin lideri ilə danışıqlarda o qədər də prioritet deyil. Əlbəttə, Ukraynadakı müharibə sülhə təsir etdiyi kimi, İranla bağlı müharibə də mühüm məsələdir. Bu mövzu qaldırılacaq, amma əsas gündəm deyil, daha çox kənar mövzu kimi. Əsas prioritet isə Tramp üçün iqtisadi münasibətlər və bazarlara çıxışdır. Lakin söhbət konkret olaraq Ukrayna mövzusundan getdiyi üçün belə demək olar ki, ABŞ prezidenti Donald Tramp bu mövzunu qaldıra bilər, xüsusilə ona görə ki, Çin Rusiya bazarına ikili təyinatlı məhsullar göndərir, Rusiyaya dəstək verir və onun tərəfdaşıdır”.
Analitikin fikrincə, Tramp həmçinin Çini hədələyə bilər ki, əgər Çin bu tədarükləri davam etdirərsə, ABŞ Çinə qarşı sanksiyalar tətbiq edə bilər.
“Amma sanksiyalar Çin üçün nə deməkdir? Çinin çox müstəqil iqtisadiyyatı var, suveren dövlətdir, buna görə də ABŞ tərəfindən sərt sanksiyalar tətbiq edilməsi o qədər də real görünmür, çünki ümumilikdə ABŞ özü də bir çox sahələrdə Çin tədarükündən asılıdır.
Eyni zamanda, hamı yaxşı anlayır ki, Çin lideri Si Cinpin də dünyada təhlükəsizliyin olmasını və müharibənin dayandırılmasını istəyərdi. Ümumilikdə, şübhəsiz ki, ABŞ prezidenti də bunu istərdi. Avropa ölkələri isə Rusiyaya qarşı ümumi düşmən obrazını saxlamaq və öz ölkələrində siyasi rəqabət və reytinqi qorumaq məqsədilə müharibənin davam etməsinin tərəfdarı kimi çıxış edirlər. Onlar üçün bu vacibdir”.
Tehran Orucoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta