AZ

Hantavirus spermada illərlə "gizlənir": - Alimlər şok kəşf açıqlayıb

İsveçrəli alimlər müəyyən ediblər ki, And tipli hantavirus ştammı kişilərin spermasında təxminən altı ilədək qala bilər...

Poliqon xəbər verir ki, Viruses jurnalında dərc olunan və The Telegraph tərəfindən yayılan yeni, rəy verilmiş araşdırmaya görə, hantavirus bəzi hallarda infeksiyadan uzun müddət sonra belə cinsi yolla ötürülmə riski yarada bilər.

Tədqiqat İsveçrənin Spiez laboratoriyasının mütəxəssisləri tərəfindən aparılıb. Bu institut bioloji, kimyəvi və nüvə təhlükələrini araşdıran dövlət qurumudur.

Alimlər 55 yaşlı bir kişinin hadisəsini araşdırıblar. O, Cənubi Amerikaya səfəri zamanı And tipli hantavirusa yoluxub.

Araşdırma nəticəsində məlum olub ki, xəstənin qanında, sidiyində və tənəffüs yollarında virus artıq aşkar edilməsə də, spermasında virus infeksiyadan 71 ay sonra belə mövcud olub.

Alimlərin fikrincə, kişi reproduktiv sistemi bəzi patogenlər üçün “rezervuar” rolunu oynaya bilər. İmmunitet sistemi spermatozoidləri qoruduğu üçün bəzi viruslar bu sahədə uzun müddət yaşaya bilir.

Oxşar hal əvvəllər Ebola və Zika viruslarında da müşahidə olunub. Məsələn, 2021-ci ildə Qvineyada Ebola epidemiyası zamanı yoluxmanın uzun müddət sonra cinsi yolla ötürülməsi qeydə alınmışdı.

Tədqiqat müəllifləri bildirirlər ki, And tipli hantavirusun da cinsi yolla ötürülmə potensialı ola bilər, lakin bu, hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Mütəxəssislər bildiriblər ki, bu nəticələrdən sonra yoluxmuş kişilər üçün təhlükəsiz cinsi davranışla bağlı yeni tövsiyələr hazırlanmalıdır.

Bəzi ekspertlər Ümumdünya Səhiyyə Təşkilatının Ebola sonrası protokollarına bənzər qaydaların tətbiqini təklif edirlər: spermanın mütəmadi test edilməsi və ardıcıl iki mənfi nəticə əldə olunana qədər qoruyucu tədbirlərin davam etdirilməsi.

Həmçinin yoluxmadan sonra müəyyən müddət cinsi əlaqədən çəkinmək və ya prezervativdən daimi istifadə tövsiyə olunur.

Poliqon.info

 

Seçilən
27
poliqon.info

1Mənbələr