AZ

WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

QSC-dən AZƏRTAC-a bildirilib ki, paytaxtda keçiriləcək mədəni-kütləvi tədbirlər və əməliyyat planına uyğun olaraq, sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək.

“Belə ki, tədbirin ilk günü – mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq. Həmin gün metronun “28 May–Əhmədli” stansiyaları və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə təşkil edəcək. Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək. “28 May–Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq. Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı–Xətai” məkik hərəkət mənzillərində qrafik dəyişdirilməyəcək”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Bundan başqa, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar da hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, WUF13 günlərində Bakı metropolitenində könüllülər də fəaliyyət göstərəcəklər. Ümumilikdə 56 könüllü 9 stansiyada növbəli rejimdə (07:00-15:00 və 15:00-22:00) çalışaraq sərnişinlərə, tədbir iştirakçılarına dəstək olacaq.

Seçilən
24
41
yeniazerbaycan.com

10Mənbələr