AZ

Dövlət torpağı almadan magistral yol çəkə bilərmi? – Mürtəce qanunla bağlı məsləhətləşmə

Avropa üçün ciddi hüquqi nəticələr doğura biləcək yeni proses başlayıb. Söhbət dövlətin vətəndaşa məxsus torpağı tam ekspropriasiya(məcburi şəkildə mülkiyyətdən məhrumetmə) etmədən orada tikinti aparmasının qanuni olub-olmamasından gedir.

Musavat.com xəbər verir ki, Sloveniya Ali Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinə məsləhətçi rəy üçün müraciət edib. Müraciət Avropa İnsan Hüquqları Konvensiyasının 16 saylı Protokolu çərçivəsində qəbul olunub və artıq Böyük Palata tərəfindən baxışa götürülüb. İşin mahiyyəti ilk baxışdan texniki görünə bilər. Amma əslində bu, Avropada mülkiyyət hüququnun sərhədlərini müəyyən edə biləcək presedentdir. Slovenia qanunvericiliyinə görə, normal halda tikinti icazəsi yalnız torpaq üzərində hüquqi sahiblik əldə edildikdən sonra verilə bilər. Yəni dövlət ya torpağı satın almalı, ya servitut hüququ əldə etməli, ya da ekspropriasiya prosedurunu tamamlamalıdır. Lakin ölkədə milli əhəmiyyətli magistral yollar və sürətli avtomobil yolları üçün istisna mövcuddur. Bu hallarda dövlət sadəcə ekspropriasiya prosedurunun başlanması barədə qərarla tikinti icazəsi ala bilir. Torpaq isə formal olaraq əvvəlki sahibinin mülkiyyətində qalır. Praktikada isə vəziyyət tam fərqli olur. Ağır texnika əraziyə daxil olur, tikinti başlayır, torpaq sahibi isə öz əmlakından istifadə imkanını faktiki itirir.

Məhz buna görə Sloveniya Konstitusiya Məhkəməsi əvvəlki qərarlarında bunu de-fakto ekspropriasiya adlandırıb. İndi əsas hüquqi dilemma belədir:
-Dövlət sonradan pul kompensasiyası ödəməklə məsələni bağlaya bilərmi, yoxsa ekspropriasiya tam başa çatana qədər mülkiyyətçi real hüquqi müdafiə ilə təmin olunmalıdır?
Bu sual Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə - mülkiyyət hüququnun müdafiəsinə aid edilir. İş üzrə iddiaçılar magistral yol layihəsinin keçəcəyi iki torpağın ortaq sahibləridir. Cavabdeh tərəf isə Sloveniya Dövləti və Təbii Sərvətlər Nazirliyidir. Prosesə üçüncü tərəf kimi ölkənin dövlət avtomobil yolları şirkəti “DARS” da qoşulub.

Əslində bu iş yalnız Sloveniya ilə məhdudlaşmır. Çünki Avropanın bir çox ölkəsində iri infrastruktur layihələri zamanı dövlət ictimai maraq arqumenti ilə vətəndaşların mülkiyyət hüquqlarına müdaxilə edir. Əgər Avropa Məhkəməsi belə nəticəyə gəlsə ki, formal ekspropriasiya olmadan tikinti aparılması hüquq pozuntusudur, bu qərar gələcəkdə magistral yollar, dəmir yolları, enerji layihələri və iri dövlət tikintilərinə ciddi təsir göstərə bilər. Əks qərar isə dövlətlərə daha geniş səlahiyyət verəcək və ictimai maraq adı altında xüsusi mülkiyyətə müdaxilənin sərhədlərini genişləndirəcək. AİHM-in əvvəlki presedentlərində əsas prinsip ədalətli balans hesab olunur. Yəni dövlətin ictimai maraqları ilə vətəndaşın fundamental hüquqları arasında proporsional tarazlıq qorunmalıdır. Problem ondadır ki, dövlət layihələri adətən sürət tələb edir, ekspropriasiya prosedurları isə uzun çəkir. Hakimiyyətlər buna görə tikintini əvvəl başlatmağa çalışır. Amma nəticədə vətəndaş illərlə formal olaraq öz torpağının sahibi sayılsa da, həmin əmlak üzərində real nəzarətini itirir. Strasburq Məhkəməsinin verəcəyi məsləhətçi rəy məcburi hüquqi qüvvəyə malik olmayacaq. Buna baxmayaraq, Avropa məhkəmələri üçün ciddi istiqamətləndirici presedent hesab edilir. Qərarın yaxın aylarda açıqlanacağı gözlənilir.

Seçilən
6
1
ekologiya.az

2Mənbələr