AZ

Siyasi təhdidlər fonunda iqtisadi YUMŞALMA – Dünyanın diqqət mərkəzində olan görüşdən YADDA QALANLAR

Xəbər verdiyimiz kimi, bütün dünyanın diqqət mərkəzində olan Çin Prezidenti Si Cinpinlə ABŞ Prezidenti Donlad Tramp arasında görüş baş tutub.

Qeyd edək ki, iki saatdan artıq davam edən görüşdə ikitərəfli münasibətlər, fikir  ayrılıqları, problemlərlə yanaşı, regional və qlobal aləmdə baş verən geosiyasi məsələlər, xüsusən də Yaxın Şərq, Tayvan və Rusiya-Ukrayna məsələsi müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Pekində böyük sövdələşmə siqnalları: Ukraynanın taleyi necə HƏLL OLUNUR?


Çin lideri Trampa Tayvanın müstəqilliyi ilə Tayvan boğazındakı sülhün bir-birinə zidd olduğunu bildirib və Çin və ABŞ məsələni həll etməsələr, iki ölkə arasında münaqişənin yarana biləcəyi xəbərdarlığını edib.

O, qarşı tərəfi tərəfdaşlığa səsləyib. Çin və ABŞ arasındakı iqtisadi və ticarət əlaqələrinin qarşılıqlı faydaya əsaslandığını və hər iki tərəf üçün faydalı bir münasibət olduğunu vurğulayan Si Cinpin bildirib ki, ticarət müharibələrində qalib yoxdur.

Ağ Ev rəhbəri Donald Tramp isə vəd verib ki, Çin ilə ABŞ arasındakı münasibətlər indiyə qədər olduğundan daha yaxşı olacaq.

Trampın Çin səfərindən görəsən hansı nəticələr hasil oldu?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, Trampın Çinə bu səfərilə müzakirə olunan demək olar bütün məsələlər üzrə yumşalma əldə edildi:

“Görüş nəticəsində hər iki tərəf gərginliyin münasibətlərə ziyan gətirdiyini qəbul edib. Son iki ildə ölkələr arasında şiddətlənən gərginlik idarəolunan və yumşalma mərhələsinə keçdi. Vaşinqton vergi rüsumlarını azaltmaqla bağlı qərar verəcəyini elan etdi. Çin isə ABŞ-yə göndəriləcək nadir torpaq elementlərilə bağlı məhdudiyyətləri yumşaldacaq.

ABŞ-dən Çinə ixrac edilən kənd təsərrüfatı və texnoloji məhsulların yenidən Pekin tərəfindən qəbul ediləcəyi və ticari münasibətlərin əvvəlki məcraya qayıdacağı ilə bağlı bir xətt müəyyənləşdirildi”.  

Deputat qeyd edib ki, Tayvan məsələsində Çin beynəlxalq hüquqa uyğun qətiyyətli mövqe nümayiş etdirdi.

İran məsələsinə gəlincə...

Həmsöhbətimizin fikrincə, ortaq məxrəc tapılmasa da, mövqe yaxınlığı müşahidə olundu:

“Hər iki tərəf Hörmüz boğazı ilə bağlı yükdaşımalara görə İrana hər hansı bir ödənişin olmaması məsələsində fikir birliyinə gəlmiş ola bilərlər. Bu isə Trampın səfərinin əslində öz məqsədinə çatdığını söyləməyə əsas verir”. 

Rüfət Sultan, Bizim.Media

Seçilən
15
1
bizim.media

2Mənbələr