Premyer Liqanın 32-ci turunda prinsipial qarşılaşmalardan biri bölgədə baş tutacaq.
“Karvan-Yevlax” doğma azarkeşlərinin gözləri qarşısında “Qəbələ”ni qəbul edəcək.
Əslində, turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti qalmayıb. Yevlax təmsilçisinin elita ilə vidalaşacağı dəqiqləşib, qəbələlilərin I Liqanın 2-cisi ilə pley-off matçına çıxacağı məlumdur.
Oyunun prinsipiallığı hər iki komandanın ötən mövsüm I Liqada bir-birinə əsas rəqib olması və cari mövsümdə baş tutan hər iki oyunun 1:1 hesabı ilə başa çatmasıdır.
“Karvan-Yevlax” doğma meydandakı sonuncu matçı qələbə ilə başa vurmağa çalışacaqsa, “Qəbələ” mövsümü major notda bitirməyi hədəfləyib.
Sportinfo.az-a danışan “qırmızı-qaralar”ın braziliyalı müdafiəçisi Eduardo Kunde fikirlərini dilə gətirib:
“Hər iki komanda üçün vacib oyundur. Turnir cədvəlində qonşu olmağımız matça prinsipiallıq qatır.
Cari mövsümdə “Karvan”ı uda bilməmişik.“Qarabağ”la heç-heçədən sonra kollektivdə motivasiya yüksəkdir.
Yevlaxa qələbə dalınca gedəcəyik. Yalnız və yalnız 3 xal üçün”.
Mayın 15-də Yevlax şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlayacaq.
HƏBİB