AZ

Uşaqların xoşbəxt gələcəyi sağlam ailədən başlayır



Hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd ailə institutunun cəmiyyət üçün əhəmiyyətini vurğulamaq, sağlam ailə münasibətlərinin qorunmasına diqqət çəkmək və uşaqların təhlükəsiz mühitdə böyüməsinin vacibliyini ön plana çıxarmaqdır. Çünki ailə yalnız insanların birgə yaşadığı məkan deyil, həm də sevginin, qayğının, tərbiyənin və təhlükəsizliyin ilk ünvanıdır. Uşağın şəxsiyyət kimi formalaşması ilk növbədə ailədə başlayır. O, dünyaya göz açdığı andan etibarən valideyn sevgisini, mərhəməti, düzgün davranışı və həyata baxışı ailədə öyrənir. Sağlam ailə mühiti uşağın gələcək həyatına birbaşa təsir göstərir. Sevgi və diqqət içində böyüyən uşaqlar daha güclü psixologiyaya, yüksək özgüvənə və sağlam düşüncəyə sahib olurlar. Lakin ailə bağlarının zəifləməsi, valideyn məsuliyyətinin azalması və ailədaxili problemlər uşaqların həyatında ciddi mənfi izlər buraxa bilir. Parçalanmış ailələrdə böyüyən və ya diqqətsiz qalan uşaqlar müxtəlif sosial təhlükələrlə daha tez qarşılaşırlar. Mütəxəssislər bildirirlər ki, sevgidən və qayğıdan uzaq böyüyən uşaqların psixoloji travmalar yaşamaq, yanlış mühitlərə yönəlmək və istismara məruz qalmaq riski daha yüksək olur. Xüsusilə insan alveri, uşaq əməyinin istismarı, zorakılıq və digər təhlükələr daha çox ailə nəzarətindən uzaq qalan uşaqları hədəf alır. Bu səbəbdən ailələrin maarifləndirilməsi, valideyn məsuliyyətinin artırılması və uşaqlarla sağlam ünsiyyətin qurulması böyük əhəmiyyət daşıyır. Hər bir valideyn bilməlidir ki, uşağa verilən sevgi və diqqət onun gələcəyinə qoyulan ən böyük sərmayədir. Bu gün cəmiyyət olaraq ailə dəyərlərinin qorunmasına daha həssas yanaşmağa ehtiyac var. Güclü cəmiyyətin təməlində sağlam ailə dayanır. Sağlam ailənin mərkəzində isə xoşbəxt və təhlükəsiz uşaq dayanır. Uşaqları qorumağın ən doğru yolu ailələri qorumaqdan keçir. Beynəlxalq Ailə Günü bizə bir daha xatırladır ki, ailə yalnız qan bağı deyil, həm də qarşılıqlı hörmət, etibar və məsuliyyətdir. Gələcəyimizi sağlam və təhlükəsiz qurmaq istəyiriksə, ailə institutunun möhkəmləndirilməsi hər birimizin ortaq vəzifəsi olmalıdır.

Lamiyə İsazadə,

"Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri.

Seçilən
14
baki-xeber.com

1Mənbələr