AZ

Üç yaşınadək uşağa qulluğa görə müavinət artırılacaq -Deputat AÇIQLADI

Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə verilən müavinət artırıla bilər. Sözügedən məsələ 2026-28-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb. Qeyd olunur ki, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbir görüləcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Baş Kollektiv Sazişdə bir sıra sosial məsələlər öz əksini tapıb:

"O cümlədən müavinətlərə yenidən baxılması və onların artırılması, həmçinin minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin minimallaşdırılması, yəni minimum əməkhaqqında daha yüksək artımların həyata keçirilməsi məsələləri sənəddə yer alıb. Bu baxımdan həm müavinətlərin, həm də minimum əməkhaqqının artırılması istiqamətində addımların atılması sazişdə nəzərdə tutulur. Sözsüz ki, uşaqlara, xüsusilə də üç yaşınadək uşağa görə verilən müavinətin artırılması və ümumilikdə sosial müavinətlər üzrə artım tempinin davam etdirilməsi prioritet məsələlərdən biridir".

Millət vəkili əlavə etdi ki, 2025-ci ildə bu istiqamətdə müəyyən artımlar həyata keçirilib.

"Həmin proses mütəmadi şəkildə davam etdirilir, demək olar ki, sosial siyasətin əsas məqsədi də məhz budur. Yəni sosial siyasətin mahiyyəti həm müavinətlərin, həm də digər sosial ödənişlərin artırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan, Baş Kollektiv Sazişdə də əks olunduğu kimi, qeyd edilən dövr ərzində müavinətlərin artırılması nəzərdə tutulur. Bu artımların digər sosial ödənişləri də əhatə edəcəyi gözlənilir. Ümumiyyətlə, Azərbaycanın maliyyə imkanları və dövlət büdcəsinin gəlirləri artdıqca, sosial istiqamətlərə ayrılan vəsaitin də daha da artırılacağını müşahidə edəcəyik", - deyə müsahibimiz vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
20
redaktor.az

1Mənbələr