AZ

Vətəndaşlar maaşlarını istədikləri bankdan ala biləcəklər

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, ölkədə həm dövlət, həm də özəl sektorda çalışan vətəndaşların maaşlarını istədikləri bank vasitəsilə ala bilməsi üçün mexanizmlər hazırlanır. Növbəti mərhələdə bu imkan pensiyaçılara və sosial müavinət alanlara da şamil olunacaq. Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib ki, layihə çərçivəsində xüsusi işçi qrupu fəaliyyət göstərir və prosesin vətəndaş üçün maksimum sadə olması hədəflənir: "İstəyimiz odur ki, həm dövlət, həm də özəl sektorda çalışan işçilər istədikləri bankda rahat şəkildə maaşlarını ala bilsinlər. Biz istəyirik ki, bu, heç kimdən asılı olmayan, vətəndaşın öz seçiminə bağlı bir sistem olsun. Həm İT infrastruktur, həm də proqram təminatı istiqamətində işlər davam edir və prosesin bu il tamamlanması planlaşdırılır. Yəqin ki, yaxın 3-4 ay ərzində bunu yekunlaşdıracağıq".

Mütəxəssislərin fikrincə, bu təşəbbüs Azərbaycan maliyyə bazarında mühüm struktur islahatlarının bir hissəsi olaraq qiymətləndirilir. Əməkhaqqı kartlarının bir bankla məhdudlaşmasını aradan qaldırmaq həm də vətəndaşlara daha geniş seçim azadlığı verməkdir. Bu təşəbbüs həmçinin rəqabəti artırmaq və bank sektorunda xidmət keyfiyyətini yüksəltmək məqsədi güdür.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, məsələ gündəlikdədir və çox güman, ilin ikinci rübünün sonuna yaxın bu mexanizm işə düşəcək: "Bizə verilən məlumata görə, texniki problemlər qalıb. Həmin problemlər həll olunandan sonra vətəndaşların maaşları, təqaüdləri istənilən bankdan almaq məsələsinin həllini tapacağını deyirlər. Bu işə banklar da hazır olmalıdır. Çünki vətəndaşların seçim imkanının genişlənməsi bank sektorunda rəqabəti artıracaq. Ona görə xüsusilə kiçik və orta banklar müştəri qazanmaq üçün yaxşı təkliflər hazırlamalıdır ki, vətəndaşlar öz maaş və təqaüdlərini həmin banklara danışmaq barədə düşünsünlər. Vətəndaşlar isə bu imkan yarananda, proses işə düşəndə hələ tələsməməli, variantları saf-çürük edə bilmək üçün bankların təkliflərini gözləməlidirlər".

Ekspertin sözlərinə görə, indiyədək insanların seçim imkanları məhdudlaşmışdı. Vətəndaşlarımız istənilən bankdan maaş və təqaüdlərini ala bilmirdilər. Bəzi banklarda daha yaxşı şərtlər olsa da, vətəndaşlar iri banklarla müqavilə bağlamağa məcbur idilər.  İndi kiçik banklar üçün də imkan yaranır ki, ən azından rəqabətsizlik mühitinin bir hissəsi aradan qalxsın.

İqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, 2023-cü ilin əvvəllərindən əməkhaqqı və pensiya alan vətəndaşlara bank seçimi imkanının yaradılması məsələsi müzakirə olunur: "Bu gün vətəndaşların hansısa bankın məcburi şəkildə müştərisinə çevrilməsi, əməkhaqqı və ya pensiyanın yalnız həmin bank vasitəsilə alınmasına məcbur edilməsi düzgün deyil və qanuna ziddir. Bu, həm də Mülki Məcəllənin tələblərinə uyğun gəlmir. Çünki Mülki Məcəlləyə əsasən, bank hesabı müqaviləsi könüllü bağlanılır. Yəni vətəndaş istənilən bankın müştərisidirsə və kartı varsa, deməli, onun həmin bankda hesabı mövcuddur. Kart sadəcə hesabdan istifadə vasitəsidir. Bu halda heç kəsi konkret bankla işləməyə məcbur etmək olmaz. Hətta müqavilə bağlanıbsa belə, müştəri istənilən vaxt bankla əməkdaşlığa xitam verə bilər. Bank isə bunu birtərəfli qaydada edə bilməz, yalnız məhkəməyə müraciət etməlidir. Müştərinin isə istənilən halda müqaviləni dayandırmaq hüququ var".

İqtisadçının dediyinə görə, pensiyalar əsasən Dövlət Sosial Müdafiə Fondunun seçdiyi iki bank vasitəsilə ödənilir. Dövlət qurumlarında əməkhaqları da əvvəlcədən müəyyən edilmiş banklar üzərindən köçürülür. Hətta özəl sektorda belə işçilər üçün konkret bank seçilir və maaş həmin bank vasitəsilə verilir. Bu isə qanunsuz yanaşmadır. Bu məhdudiyyət aradan qalxdıqdan sonra ilk növbədə qanunun aliliyi təmin olunacaq. Digər tərəfdən, vətəndaşın seçim hüququ yaranacaq. Əgər bankın xidmət keyfiyyəti onu qane etmirsə, başqa banka keçə biləcək və işəgötürənə maaşının həmin banka köçürülməsini bildirəcək. Eyni şəkildə, pensiya alan şəxs də vəsaitin istədiyi banka köçürülməsini tələb edə biləcək. Vətəndaşın istənilən vaxt bankını dəyişmək hüququ var: "İşçilər istənilən bankdan əməkhaqqını ala bilər və bu, qanunidir. Əmək Məcəlləsinə görə, işçi maaşın alınma formasını özü müəyyən edir. O, öz əməkhaqqını hansı bankdan almaq istəyirsə, işə götürən də pulu həmin banka köçürməlidir. Ancaq təəssüf ki, işə götürənlər şərtləri işçilərə diqtə edirlər. Bir çox müəssisələrdə işçi maaş aldığı bankla müqavilə bağlamır, lakin maaş kartları verilir. Bu, qanunun kobud şəkildə pozulmasıdır. Mülki Məcəlləyə görə, vətəndaş o halda bankın müştərisi olur ki, işçi ilə bank arasında bank hesabı müqaviləsi var. Kart da əslində bank hesabından istifadə vasitəsidir. Maaş hansı bankdan verilirsə, o bankla vətəndaşın müqaviləsi olmalıdır. Müqavilə bağlamaq isə könüllüdür. Məcburi ola bilməz. Azərbaycan müəssisələrində hər iki tərəf - işə götürənlər və bank qanun pozuntusuna yol verir. Müəssisə ona görə pozuntuya yol verir ki, o öz işçisini məcbur edir, işçinin qanuni tələbini icra etmir. Həm də bank pozuntuya yol verir. Bank hesab müqaviləsi bağlamadan kart verir. Bunun səbəbi də işəgötürən müəssisələrin həmin banklarla sövdələşməsidir. Deyir ki, mən sənə işçilərin maaşını köçürəcəyəm, sən də mənə aşağı faizlə kredit ver. Ona görə də qarşılıqlı maraqlar yaranır. Həm də sövdələşdikləri banklara şərait yaradırlar ki, işçiləri onlardan kredit alsın".

Əkrəm Həsənov hesab edir ki, dəyişiklik bank xidmətlərinin keyfiyyətinə də müsbət təsir göstərəcək: "Banklar arasında rəqabət güclənəcək və hər bir bank müştərini cəlb etmək üçün daha keyfiyyətli xidmət göstərməyə çalışacaq. Digər mühüm məsələ isə əməkhaqqı və pensiya kartları üzərindən yaranan sui-istifadə hallarıdır. Hazırda bəzi banklar kredit müqavilələrinə belə bir şərt daxil edirlər ki, kredit üzrə gecikmə yaranarsa, vəsait birbaşa əməkhaqqı və ya pensiya kartından tutulacaq. Əgər həmin kart başqa bankda olsaydı, bank məhkəməyə müraciət etməli idi. Məhkəmə qərarı olduqdan sonra isə maaş və ya pensiyanın yalnız müəyyən hissəsi tutula bilərdi. Amma hazırda bəzi hallarda vəsaitin tam şəkildə çıxılması baş verir. Vətəndaş isə qanunla deyə bilər ki, əməkhaqqını və ya pensiyasını həmin bankdan almaq istəmir və başqa banka keçir. Hazırda buna imkan verilmir. Bu isə qanunsuzluqdur. Yeni sistem tətbiq edildikdən sonra vətəndaşın həmin bankda kredit borcu olsa belə, başqa banka keçmək hüququ olacaq. Bank isə borcla bağlı məhkəməyə müraciət edə bilər".

Ekspert vurğulayıb ki, bu dəyişiklik banklar arasında rəqabəti daha da artıracaq və xidmət keyfiyyətinin yüksəlməsinə ciddi müsbət təsir göstərəcək: "Sözügedən sistemin ötən ilin oktyabrından tətbiqi gözlənilsə də, müəyyən gecikmələr oldu. Mərkəzi Bank sədrinin bildirdiyinə görə, sistemin iyul ayınadək işə düşməsi nəzərdə tutulur".

Bank məsələləri üzrə ekspert Emin Kərimovun sözlərinə əsasən, hazırda bir çox hallarda əmək haqqı kartları işəgötürən müəssisə ilə əməkdaşlıq edən konkret bir bank vasitəsilə açılır. Bu hal, işçilərin maliyyə-kredit resurslarına çıxışını müəyyən bankla məhdudlaşdırır və onların digər bankların məhsul və xidmətlərindən istifadə imkanlarını azaldır. Eyni zamanda bir bankın müştərisi əmək haqqı məbləğini digər bankın bankomatından məxaric etdikdə komissiya itkisi ilə qarşılaşır. Bu qaydanın tətbiqi komissiya itkisinin aradan qaldırılmasına, bankomatlardan istifadə yükünün azaldılmasına, müəyyən ərazi, region, xüsusilə də, bankomat şəbəkəsinin zəif inkişaf etdiyi ərazilərdə bir banka məxsus olan bankomatdan asılılığı aşağı endirməyə yardım edəcək ki, bu da bankomatların iş yükünün nisbətən azalması ilə onların daha gec sıradan çıxmasına, əlavə təmir və xidmət xərclərinin azalmasına müsbət təsir etmiş olacaq. Həmçinin, yeni təşəbbüs istər dövlət, istərsə də özəl sektorda çalışan işçilərin əmək haqqısını istədiyi bankın hesabına yönləndirə bilməsinə şərait yaradacaq: "Banklar daha çox müştəri cəlb etmək üçün xidmətlərini təkmilləşdirəcək və əlavə güzəştlər (cashback, faizsiz kredit limiti və s.) təklif etməyə çalışacaqlar. Vətəndaşlar öz istəklərinə uyğun olaraq, şərait və xidmətlərinə görə bank seçimi edə biləcəklər. Rəqabət mühiti bankları texnologiya və xidmət sahəsində innovasiyalara təşviq edəcək. İşçi üçün daha sərfəli kartlar və xidmət şərtləri seçmək imkanı yaranacaq. Bəzi məhsul və xidmələr üzrə komissiyalar sıfıra endirilə bilər. Şəxslər bütün gəlirlərini bir bank hesabında toplayaraq büdcələrini daha rahat idarə edə biləcəklər. Bankomat şəbəkəsinin yükünün azalması. Vəsaitlərin məxaric prosesinin müxtəlif banklara məxsus bankomatlardan icra edilməsi bankomat şəbəkəsinə düşən yükün bərabər paylanmasına yardım edəcəkdir. İnhisarçılığın və mərkəzləşmənin azalması. Bugünkü bazarda olan şərtlərin dəyişməsinə, digər kommersiya banklarının da əmək haqqı layihələrində daha yaxından iştirak etməsinə şərait yaradacaqdır".

Mütəxəssis bu istiqamətdə yarana biləcək çətinliklərdən də söz açıb: "İşəgötürənlər üçün birdən çox bankla işləmək müəyyən texniki və əməliyyat çətinlikləri yarada bilər, xüsusilə də KOB-lar (kiçik və orta bizneslər) üçün. Banklar arasında əmək haqqı köçürmələrinin real vaxtda və şəffaf şəkildə baş verməsi üçün güclü infrastruktur tələb olunur. İşəgötürənin əmək haqqını konkret bank vasitəsilə ödəməsi ilə bağlı hazırkı müqavilə öhdəlikləri və prosedurlar qanunvericilikdə yenidən nəzərdən keçirilməlidir. Mərkəzi Bankın bu təşəbbüsü vətəndaşın maliyyə seçim azadlığını artırmaq baxımından mütərəqqi addımdır. Rəqabət və şəffaflıq prinsiplərinə əsaslanan bu yanaşma, gələcəkdə bank sektorunun daha dayanıqlı və müştəriyönümlü formalaşmasına təkan verəcək".

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, vətəndaşların maaş və pensiyalarını istədikləri bank vasitəsilə almaq imkanının yaradılması bank sektorunda rəqabəti gücləndirə bilər. Çünki indiyə qədər bir çox hallarda maaş və pensiya ödənişləri müəyyən banklara bağlı olurdu və vətəndaşın seçim imkanları məhdud idi. Yeni sistem bankları müştərini cəlb etmək üçün daha əlverişli xidmətlər təklif etməyə məcbur edə bilər: "İnkişaf etmiş ölkələrdə banklar maaş və pensiya axınını özlərinə cəlb etmək üçün əlavə bonuslar, yüksək depozit faizləri, pulsuz kart xidmətləri, keşbek proqramları və güzəştli kreditlər təqdim edirlər. Çünki daimi maaş və pensiya daxilolmaları bank üçün stabil maliyyə mənbəyi hesab olunur. Azərbaycanda da müəyyən müddətdən sonra oxşar kampaniyaların yaranması mümkündür. Bu dəyişiklik xüsusilə rəqəmsal xidmətlər sahəsində rəqabəti artıra bilər. Banklar mobil tətbiqləri, sürətli köçürmələri, komissiyasız əməliyyatları və xidmət keyfiyyətini yaxşılaşdırmağa çalışacaqlar. Çünki artıq müştərini "məcburi axınla" deyil, xidmət üstünlüyü ilə saxlamaq lazım olacaq. Bununla yanaşı, bütün bankların eyni imkanlara malik olmadığı da nəzərə alınmalıdır. Böyük banklar daha çox bonus və xidmət təqdim etmək imkanına sahib ola bilər. Kiçik banklar isə müştəri cəlb etmək üçün daha fərqli və çevik təkliflər hazırlamağa çalışacaqlar. Əgər sistem tam şəffaf və texniki baxımdan rahat işləsə, bu addım həm bank sektorunda rəqabəti artırar, həm də vətəndaşların maliyyə seçim azadlığını genişləndirə bilər".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
525.az

3Mənbələr