AZ

7 iyundan sonra üçüncü Qarabağ müharibəsi? – Kremlin planı alınsa...

“Moskvayönümlü radikal qüvvələr Ermənistanın maraqlarından yox, Rusiyanın maraqlarından çıxış edir və ölkəni vasitə kimi istifadə edirlər”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi ekspert Ruben Babayan deyib.

Ekspert bildirib ki, bu qüvvələr ümidlərini seçkilərə yox, seçkidən sonrakı inkişaflara bağlayırlar: “Rusiya düşünür ki, bu torpaqlar onundur. Amma Rusiyaya inteqrasiyanı təbliğ edənlər görmürlər ki, bu gün Rusiya təcrid edilmiş ölkəyə çevrilib? Rusiyada deyirlər ki, bizim üçün seçkilərin necə keçməsi o qədər də vacib deyil, vacib olan baş nazirin kim olacağıdır. Rusiya daim “biz olmasaq, sizi yeyəcəklər, öldürəcəklər” qorxusu yaratmağa çalışır”.

Babayanın iddiasına görə, Rusiya yenidən Qarabağı Ermənistan və Azərbaycan arasında münaqişə vasitəsinə çevirməyə çalışır: “Rusiyanın olmaması sülh deməkdir, Rusiyanın mövcudluğu isə müharibədir. Əgər biz özümüzə onların prizmasından yanaşsaq, yenə kiminsə müstəmləkəsi olacağıq, nərd oynaya-oynaya “Böyük Ermənistan xəritəsi” nostalgiyasına qapılacağıq”.

Babayan əlavə edib ki, bu baxımdan iyunun 7-də keçiriləcək parlament seçkiləri Ermənistan üçün mühüm an olacaq: “Bu, taleyüklü seçkilərdir, müstəqil dövlət olmaqla müstəmləkə arasında qərar verəcəyik”.

Rusiya azad Qarabağda münaqişəni yenidən necə qızışdıra bilər? Ermənilərin olmadığı bölgədə üçüncü müharibənin başlanması mümkündürmü?

Hərbi ekspet, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Rusiyadakı hərbi-siyasi dairələr və Ermənisandakı revanşist qüvvələr 7 iyunda Ermənistanda keçiriləcək seçkiləri hakimiyyəti dəyişmək və bundan sonra bölgəni yenidən müharibə meydanına çevirmək üçün fürsət hesab edirlər. Lakin unudurlar ki, yeni reallıq 2020-ci ildən əvvəlki vəziyyətdən köklü şəkildə fərqlənir:

“Bu gün Azərbaycanın suverenliyi Qarabağ üzərində tam bərpa olunub, separatçı rejim ləğv edilib və bölgədə erməni silahlı infrastrukturu mövcud deyil. Bu səbəbdən əvvəlki formatda “üçüncü Qarabağ müharibəsi” ssenarisi artıq real görünmür.

Rusiya tarixən Cənubi Qafqazı öz təsir zonası hesab edib. Moskva üçün regionda tam sabitlik təsir imkanlarının azalması kimi qəbul olunur. Çünki uzun illər ərzində Qarabağ münaqişəsi həm Azərbaycana, həm də Ermənistana təsir mexanizmi rolunu oynayırdı. 2023-cü ildə Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra vəziyyət tam dəyişdi, Ermənistan faktiki olaraq Qarabağ üzərində iddialarını praktiki müstəvidə itirdi, bölgədə yeni status məsələsi bağlandı. Bu isə Moskvanın əvvəlki təsir alətlərinin əhəmiyyətli hissəsini zəiflətdi”.

Ekspertin fikrincə, Ermənistanda müharibə tərəfdarı olan revanşist qüvvələr, xüsusın də Robert Köçəryanın başçılıq etdiyi klan hakimiyyətə gələrsə Ermənistanın təxribatlara başlayacağı ehtimalı yüksəkdir:

“Ermənilərin Qarabağa qaytarılması kimi tələbləri rəsmi gündəmə gətirə bilərlər. Hətta daha da azğınlaşaraq ermənilərin Qarabağa qaytarılması və guya orada təhlükəsizliklərinin qorunması adı altında müəyyən hərbi avantüralara əl atmaları da istisna edilməməlidir. Ancaq bu cür cəhdlər etsələr belə, zərərini Ermənistan görəcək. Azərbaycanın təxribatlara qarşı ən sərt şəkildə cavab verəcəyini ən son olaraq bu həftə Zəngilanda Prezident İlham Əliyev çıxışında bəyan edib. Ona görə də revanşizm xəyalları ilə yaşayan ermənilər və onların xarici havadarları bunu nəzərə almalıdırlar. Artıq 1990-cı illərin əvvəlləri deyil. Əvvəlki münaqişənin sosial-siyasi bazası artıq mövcud deyil. Vaxtilə separatizmin əsas dayağı kimi təqdim olunan erməni separatçıları bölgədə deyil. Bu baxımdan da klassik Qarabağ müharibəsinin yenidən başlanması üçün əvvəlki şərait qalmayıb”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr