AZ

“Türküstan görüşü qarşıdakı dövrdə yeni inkişaf istiqamətlərini müəyyən etdi”

Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü tarixə türk dünyasının siyasi və iqtisadi inteqrasiyasını yeni səviyyəyə qaldırdı.  Zirvə görüşündə qəbul edilən Türküstan Bəyannaməsi təşkilata üzv dövlətlərin ortaq məqsədlərini aydınlaşdırmaqla yanaşı, qarşıdakı dövrdə strateji inkişaf istiqamətini də müəyyən etdi.

Bəyannamənin əsas üstünlüyü ondan ibarətdir ki, türk dövlətlərinin mədəni və humanitar yaxınlaşması ilə yanaşı, həm də onların spesifik iqtisadi və geosiyasi maraqlarının birliyini əks etdirir. Qlobal qeyri-sabitliyin artdığı və müasir beynəlxalq münasibətlər sistemində yeni iqtisadi və siyasi mərkəzlərin yarandığı bir dövrdə Türk Dövlətləri Təşkilatı tərəfindən ortaq mövqenin qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Zirvə görüşü zamanı dövlət başçıları nəqliyyat və logistika məsələsinə xüsusi diqqət yetirdilər. Xüsusilə, Orta Dəhlizin inkişaf etdirilməsi məsələsi Türküstan Bəyannaməsinin əsas istiqamətlərindən biridir. Bu layihə Çindən Avropaya ticarət yollarının şaxələndirilməsinə və türk dövlətlərinin tranzit potensialının artırılmasına imkan verəcək. Bu baxımdan Azərbaycan və Qazaxıstanın rolu xüsusilə seçilir. Xəzər dənizindən keçən yeni marşrutlar isə qlobal iqtisadiyyatın mühüm bir hissəsinə çevrilir.

Bəyannamədə rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirilib. Türk dövlətləri rəqəmsal transformasiya dövründə texnoloji müstəqillik və informasiya təhlükəsizliyi məsələlərinə birgə diqqət yetirmək niyyətlərini ifadə ediblər. Ortaq rəqəmsal platformaların yaradılması, elektron ticarətin və innovativ layihələrin inkişaf etdirilməsi təşəbbüsləri iqtisadi inteqrasiyanın dərinləşməsinə yol açır.

Türküstan Bəyannaməsinin digər vacib aspekti mədəni və mənəvi birliyin gücləndirilməsinə üstünlük verilməsidir. Ortaq tarixi irsin qorunması, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi və gənclər siyasətinin inkişaf etdirilməsi məsələləri qarşıdakı dövrdə də aktuallığını qoruyacaq.

Bu gün türk dövlətləri ortaq iqtisadi, texnoloji və geosiyasi maraqlar ətrafında  birləşib. Türküstan Zirvə Görüşü türk dünyasının beynəlxalq arenada təsirini daha da gücləndirəcək və təşkilata üzv dövlətlər arasında əlaqələri daha da möhkəmləndirəcək.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Seçilən
31
1
ikisahil.az

2Mənbələr