AZ

Qlobal Çağırışlar Fonunda Yüksələn Güc: Türk Dövlətləri Təşkilatı

Müasir dünya nizamında baş verən köklü geostrateji dəyişikliklər qlobal güclərlə yanaşı, regional təşkilatların da rolunu mühüm dərəcədə ön plana çıxarır. Beynəlxalq münasibətlər sistemində kəskinləşən rəqabət, alternativ iqtisadi-logistik marşrutların axtarışı və enerji təhlükəsizliyi məsələləri çoxtərəfli regional platformaların çəkisini sürətlə artırır. Bu yeni reallıqda Türk Dövlətləri Təşkilatı (TDT) Avrasiya məkanında yalnız söz sahibi deyil, həm də mühüm geostrateji və iqtisadi güc mərkəzi kimi yüksəlməkdədir. Əgər əvvəlki mərhələlərdə TDT daha çox mədəni-humanitar əməkdaşlıq formatı ilə diqqət çəkirdisə, bu gün təşkilat artıq xarici siyasət, təhlükəsizlik, nəqliyyat-logistika, enerji və rəqəmsallaşma kimi həyati sahələri əhatə edən, qlobal miqyasda hesablaşılan çoxşaxəli strateji ittifaqa çevrilmişdir.

Şübhəsiz ki, TDT-nin bu qlobal yüksəliş dinamikasında Azərbaycanın fəaliyyəti xüsusi çəkiyə və həlledici rola malikdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan türk dünyasının sarsılmaz birliyi naminə son dərəcə sistemli, qətiyyətli və uzaqgörən bir xətt yürüdür. Bakının irəli sürdüyü qlobal təşəbbüslər, reallaşdırdığı nəhəng regional layihələr və təşkilat daxilindəki çevik diplomatik gedişləri TDT-nin institusional baxımdan yetkinləşməsində müstəsna rol oynayır. Bu strateji addımlar həm tərəfdaşlıq üfüqlərini şaxələndirir, həm də bütöv türk coğrafiyasında güclü bir siyasi yekdilliyin bərqərar olmasına həlledici təkan verir.

Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması və formalaşması tarixi birbaşa Azərbaycanın strateji təşəbbüsləri ilə bağlıdır. Qurumun əsası 2009-cu il oktyabrın 3-də Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Sammitində qoyulmuşdur. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderləri tərəfindən imzalanan “Naxçıvan Sazişi” ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edilmişdir.

Keçən dövr ərzində təşkilatın struktur strukturunun təkmilləşdirilməsi və hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. 2021-ci ilin İstanbul Sammiti isə qurumun təkamülündə dönüş nöqtəsi oldu; şuranın adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Bu qərarla qardaş dövlətlərin çoxşaxəli tərəfdaşlığı beynəlxalq hüququn vahid və sistemli mexanizminə çevrildi. Müasir mərhələdə TDT artıq regional məhdudiyyətləri aşaraq, qlobal idarəetmədə geosiyasi və geoiqtisadi çəkisi olan nüfuzlu subyekt kimi çıxış edir.

TDT-nin qeyri-rəsmi sammitlərinin keçirilməsi praktikasının ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə Şuşada reallaşdırılması təşkilat daxilində tamamilə yeni bir siyasi dialoq mədəniyyətinin əsasını qoydu. 2024-cü ilin iyulunda qədim Qarabağ torpağında baş tutan bu ilk qeyri-rəsmi Zirvə toplantısı türk dünyasının siyasi yekdilliyini və ortaq strateji iradəsini qlobal miqyasda nümayiş etdirdi. Həmin görüşdə imzalanan tarixi Qarabağ Bəyannaməsi isə üzv dövlətlərin vahid gələcək baxışını rəsmiləşdirən fundamental sənədə çevrildi. Bu strateji xəttin davamı olaraq, 2025-ci il oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi həm siyasi, həm də rəmzi baxımdan dərin məna kəsb edirdi. Müasir dövrdə TDT-nin qarşısında duran əsas hədəf praktiki əməkdaşlıq mexanizmlərini daha real və işlək etməkdir. Bu mənada Qəbələ sammiti sadəcə bəyanatların səsləndiyi platforma deyil, real iqtisadi layihələrin, innovativ təşəbbüslərin və birgə qərarların qəbul edildiyi tarixi bir dönüş nöqtəsi oldu.

Cari ilin 15 may tarixində Qazaxıstanın mənəvi paytaxtı sayılan Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi türk dünyasının inteqrasiya tarixində növbəti mühüm səhifə açdı. Zirvə toplantısında rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında çox mühüm geostrateji məqamlara toxunmuşdur.

Dövlətimizin başçısı xüsusilə vurğulamışdır ki, ilk dəfə 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Şuşada əsası qoyulan qeyri-rəsmi sammitlər praktikası artıq gözəl bir ənənəyə çevrilmişdir. Bu gün tam qətiyyətlə demək olar ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu və çəkisi sürətlə artmaqda, qlobal siyasi-iqtisadi proseslərdəki rolu güclənməkdədir.

Ötən ilin oktyabrında Qəbələ Zirvə görüşündə təşkilata sədrliyi qəbul edən Azərbaycan, bu missiyanı böyük uğurla davam etdirir və üzv ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsi üçün sistemli addımlar atır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, yaxın günlərdə Bakının ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkili nəzərdə tutulur. Bu, təşkilatın qlobal platformalardakı fəallığının bariz nümunəsidir.

Eyni zamanda, iyun ayında Bakıda türk xalqlarının elmi-mədəni inteqrasiyasında tarixi dönüş nöqtəsi olan I Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” keçiriləcək. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu möhtəşəm tədbir xalqlarımızın mədəni və mənəvi həyatında əlamətdar tarixi hadisəyə çevriləcək, qardaşlıq bağlarımızı daha da sarsılmaz edəcəkdir.

Cənab İlham Əliyevin türk dünyasını böyük və vahid bir ailə adlandırması, sadəcə mənəvi rəmz deyil, bu birliyin XXI əsrin əsas geosiyasi və geoiqtisadi qütblərindən birinə çevrilməsi hədəfini qoyan strateji doktrinadır. Azərbaycanın bu yolda öz potensialını və bütün səylərini tam səfərbər edəcəyini rəsmən bəyan etməsi, Bakının türk birliyinin memarı və sarsılmaz dayağı olduğunun növbəti bariz nümayişidir.

Tarixi reallıqlar sübut edir ki, Azərbaycan hər zaman Türk Dövlətləri Təşkilatının fəaliyyətində ən aktiv, dinamik və kreativ yanaşma nümayiş etdirən aparıcı lokomotiv dövlət olmuşdur. Prezident İlham Əliyevin türk coğrafiyasının qlobal güc mərkəzinə çevrilməsi istiqamətində irəli sürdüyü konseptual ideyalar qardaş ölkələr tərəfindən hər zaman uzaqgörən rəhbərlik nümunəsi kimi qəbul edilir. Xüsusilə ölkəmizin TDT-yə rəhbərlik və sədrliyi etdiyi dövrlərdə təşkilatın strukturunun müasirləşməsi, sahəvi əməkdaşlığın genişlənməsi və praktiki müstəvidə atılan real addımlar ittifaqı tamamilə yeni idarəçilik və nüfuz mərhələsinə daşımışdır.

Anar MƏMMƏDOV,

Milli Məclisin deputatı

Seçilən
49
2
ikisahil.az

3Mənbələr