AZ

"TDT-yə üzv ölkələrin QHT-lərinin yaxınlaşmasının I Türkoloji Qurultayın yüz illiyində baş verməsinin özəl mənası var" - ŞƏRH

BAKI, 16 may. TELEQRAF

Bu gün Bakıda Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib.

Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstandan vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda xüsusi vurğulanıb ki, WUF13 Türk dünyasında bir ilkdir.

Milli Məclisin deputatı Azər Badamov Teleqraf-a açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti təsisatları arasında ünsiyyət çıxmış olduğumuz yola böyük bir töhfədir:

“Regional təşkilatların əhəmiyyətinin artdığı bir zamanda Türk Dövlətləri Təşkilatı parlayan bir ulduz kimi önə çıxır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi, habelə institusional baxımdan transformasiya mərhələsindədir, desək yanılmarıq. Bu artıq ondan xəbər verir ki, Türk Dövlətləri Təşkilatı sadəcə üzv dövlətlərlə çərçivələnən ölkələrin deyil, bütövlükdə böyük bir coğrafiyanın taleyüklü məsələlərinin həll edilməsində yaxından iştirak edir.

Təbii ki, münasibətləri davamlı, habelə dayanıqlı bir vəziyyətə gətirmək lazımdır. Bu istiqamətdə dövlət başçılarının mütəmadi görüşləri qədər, həm də təsisatlar arasında da əlaqələrin koordinasiya olunduğunun şahidiyik. Daha mühüm məsələ ondan ibarətdir ki, artıq təşkilata üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları arasında da mütəmadi iş aparılır, ictimai kommunikasiya gücləndirilir. Bu isə şübhəsiz ki, Türk sivilizasiyasının dünya tarixində daha dayanıqlı əsaslarla təmsilçiliyinə gətirib çıxarır".

Deputat hesab edir ki, bu əlaqələr həll etməyi planlaşdırdığımız məsələləri dərindən qavramağa, başa düşməyə və genişmiqyaslı məqsədlər arasında əlaqə yaratmağa kömək olacaq:

“Vətəndaş cəmiyyəti təsisatları arasında mütəmadi müzakirələrin keçirilməsi başlanğıc nöqtəsi hesab edilən bir prosesi müəyyən etmək üçün birlikdə işləməyə töhfə verəcək. Ünsiyyətin bu forması qısamüddətli, habelə uzunmüddətli nəticələri müəyyən edir, arzu olunan məqsədlərə apara biləcək xüsusi fəaliyyət strategiyaları və ünsiyyət fəaliyyətləri təklif edir.

Vətəndaş cəmiyyətləri arasında dialoqun intensivləşdirilməsi siyasi tədbirlərdə vətəndaşların iştirakının artmasına, habelə cəmiyyətlər arasında da yüksək məsuliyyətə gətirib çıxaracaq. Dialoq, şəxslərarası ünsiyyət, media kampaniyaları və digər ünsiyyətlə əlaqəli fəaliyyətlər də daxil olmaqla vətəndaş cəmiyyəti təsisatları arasında ictimai kommunikasiyaların gücləndirilməsi bütövlükdə təşkilatın məqsəd və fəaliyyət istiqamətləri ilə paralel şəkildə addımlayır, təşkilatın ümumi məqsədlərinə xidmət edir”.


İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri Aida Eyvazlı Göytürk bildirib ki, ilk forumda qərara alınan məsələlərin bəzilərinin artıq bu gün həyata keçdiyini görmək mümkündür:

“Forumda tarixi anlar yaşandı. Bu, təşkilatın bütün insanların, dövlətlərin, cəmiyyətlərin qarşısına qoyduğu məsələlərin həllində atılan addımların bir hissəsidir. Qeyri hökumət təşkilatları bu sahədə mühüm addımlar atıb, irəliləyiş əldə edib. Çox sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının formalaşması zəminində atılan addımların bir çoxu Azərbaycandan başlayır.

2019-cu il oktyabrın 15-də türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev demişdi ki, türk dünyasının birliyi Qarabağın azadlığından başlayır. Həqiqətən də bundan bir il sonra Qarabağı azad etdik. Qarabağı azad etdikdən sonra 2022-ci ildə Səmərqənddə Türk Dövlətləri Təşkilatının yaranmasının əsasnaməsi təsdiqləndi. Türk Dövlətləri Təşkilatının yaranmasının əsası isə yenə də 2009-cu ildə Naxçıvanda qoyulmuşdu.

Azərbaycan hər zaman türk sivilizasiyasının mərkəzi olub. Türk sivilizasiyasının tarixini, sahib olduğu dəyərləri, incəsənətinin zənginliyini üzə çıxarmaq üçün QHT-lər birlikdə çox iş görə bilərlər.

QHT-lərin ikinci həmrəylik forumuna türk dünyasının 8 ölkəsindən nümayəndələr gəlmişdilər. Üzv ölkələrin hər biri dünyaya öz mesajlarını göndərdilər”.

Aidə Eyvazlı Göytürk birlikdə görülən işlərin TDT-nin 2040-cı il çağırışlarına edilən kömək olduğunu qeyd edib:

“Bu gün rəqəmsallaşma dövrüdür, yeni çağırışlar var. Buna baxmayaraq, türkün özəyində bir ruh var. Biz ruhumuza hakim olan dəyərləri qoruyub yaşatmalıyıq. Bu halda da QHT-lər əl-ələ verib türkün milli dəyərlərini, milli kimliyini, ortaq mənəvi dünyasını ortaya qoya bilərlər. Bu günə qədər çox dəyərlərimizi üzə çıxarmışıq. Artıq Qazaxıstanda Beynəlxalq Türk Akademiyası qazıntılara başlayıb. Mete xan, İlteriş xan, Kutluq xaqanın tarixindən xəbərlər verilir. TDT bundan sonra belə layihələrdə - elmi sahədə işləməli, elm adamlarını bir araya yığmalıdır.

Qeyd etməliyəm ki, son illərdə elmi əsaslarla layihələr həyata keçirilir. Bunların hər birində yeni yol xəritələri göstərilir. Qarabağ azad olunduqdan sonra onun bərpasında QHT-lərin qaldırdığı məsələlərin bir çoxu artıq öz həllini tapıb. İnanıram ki, türkdilli dövlətlərlə birlikdə əl-ələ verib, türk yaşayan hər hansı ölkədə hansı problem varsa, onun həll olunması üçün ayaqda dayanmalı, yoldaş və sirdaş olmalıyıq.

Bu il həm də Türkoloji Qurultayın 100 illiyidir. Görün tarix hadisələri necə üz-üzə gətirib. Çünki XXI əsr türk əsridir. Türk dünyasının qeyri hökümət təşkilatları əl-ələ verib hələ çox işlər görəcəyik, dövlətlərimizin yanında olacağıq. Sevindirici hal budur ki, TDT+ da yaradılır. Artıq təşkilata Çin, Amerika, Böyük Britaniya da qoşulmaq fikrindədir. Demək, dünya türkün dünyasıdır”.

Çapar Milli İrsin Tədqiqi Mərkəzinin sədri Dilqəm Əhməd Azərbaycanın Türk Dövlətləri Təşkilatı daxilində aparıcı rol olduğunu xatırladıb:

“Bakıda baş tutan tədbirlər, verilən bəyanatlar cənab Prezidentin Türk dünyası ilə bağlı düşüncələrinin şüar olmadığını göstərir. Azərbaycan, həqiqətən, həm düşüncədə, həm fikirdə, həm də əməldə bu birlik üçün çalışmaqdadır. Tarix göstərdi ki, bir-birimizdən ayrı düşəndə, ortaq dərdlərimizə birlikdə çarə axtarmayanda həmişə zəif düşmüşük, torpağımız işğal edilib, terrorizmə məruz qalmışıq.

Vətən müharibəsində Türkiyə dövlətinin bütün varlığı ilə yanımızda olmasının bizə böyük motivasiya verdiyini heç vaxt unutmamalıyıq. Baxmayaraq ki, biz Orta Asiya dövlətləri ilə SSRİ tərkibində birlikdə olmuşuq, amma bu birlik türklük şüuru ətrafında deyil, bizə yad, bizə düşmən bir ideologiya çərçivəsində idi”.

Dilqəm Əhmədin sözlərinə görə uzun müddətdir ki, hökumətlər və parlamentlər səviyyəsində inteqrasiya prosesi sürətli şəkildə gedirdi, amma cəmiyyətlərin də yaxınlaşmasına böyük ehtiyac var idi:

“Bu işdə də əsas rolu vətəndaş cəmiyyəti təmsilçiləri oynamaqdadır. Bu gün möhtəşəm şəkildə keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin Qeyri-Hökumət Təşkilatlarının II Həmrəylik Forumu bu istiqamətdə mühüm bir addım oldu.

Biz Qırğızıstan, Qazaxıstan və digər türk dövlətlərinin təmsilçilərini dinlədik, onlarla tanış olduq, əməkdaşlıq perspektivlərini müzakirə etdik. Bu yaxınlaşmanın I Türkoloji Qurultayın yüz illiyində baş verməsində də özəl məna vardır. O zaman da bayraqdarlıq Bakıda idi, indi də. Mən inanıram ki, bu əlaqələr daha da güclənəcək, bizim birliyimiz sülhə xidmət edəcək".

Seçilən
50
teleqraf.com

1Mənbələr