ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Bəzi insanlar kənardan baxdıqda hər şeyi tam nəzarət altında saxlayır kimi görünürlər. İşlərini axsatmır, məsuliyyətlərini tam yerinə yetirir və "köməyə ehtiyacı olmayan insan" təəssüratı yaradırlar. Lakin bu intizamlı və güclü görüntünün altında çox vaxt dərin bir yorğunluq və səssiz bir həqiqət gizlənir.
Milli.Az xəbər verir ki, psixologiyada mükəmməliyyətçilik artıq sadəcə "hər şeyi ən yaxşı şəkildə etmək istəyi" kimi deyil, bir növ "maskalanma" (masking) forması kimi qəbul edilir.
Mükəmməliyyətçilik hər zaman uğur ehtirası deyil
Mükəmməliyyətçilik çox vaxt müsbət bir xüsusiyyət kimi təqdim olunur. Lakin emosional tərəfə baxdıqda, məsələ uğur qazanmaqdan daha dərindir. Bir çox mükəmməliyyətçi üçün əsas məqsəd "yaxşı olmaq" deyil, "səhv etsəm, sevilmərəm" qorxusundan qurtulmaqdır.
Uğur onlar üçün bir seçim deyil, özlərini təhlükəsizlikdə hiss etmək üsuludur.
Ehtiyac sahibi olmağı və ya kömək istəməyi "zəiflik" hesab etdikləri üçün hər şeyi təkbaşına həll etməyə çalışırlar.
Xüsusilə uşaqlıqda emosional ehtiyacları qarşılanmayan insanlar "qüsursuz olsam, problem yaratmaram" düşüncəsi ilə böyüyürlər.
Maskalanma insanın qəbul olunmaq və mühakimə olunmamaq üçün təbii davranışlarını gizlətməsidir. Mükəmməliyyətçilər bu maska sayəsində yorulmaz və dağılmaz görünməyə çalışırlar. Lakin insan təbiəti bunun tam əksidir; hər kəsin dəstəyə və başa düşülməyə ehtiyacı var. Bu ziddiyyət zamanla daxili tükənməyə və insanın öz hisslərinə özgələşməsinə səbəb olur.
Mükəmməliyyətçi insanlarda tez-tez rast gəlinən, lakin çox vaxt fərqinə varılmayan hiss qəzəbdir. Onlar ətrafdakıların məsuliyyətsizliyinə və ya partnyorunun onların ehtiyaclarını "öz-özünə" başa düşməməsinə əsəbiləşirlər.
Bu qəzəbin altında yatan əsl sual budur: "Mən niyə ehtiyaclarımı dilə gətirmək məcburiyyətindəyəm ki?"
Onlar üçün kömək istəmək zəiflik olduğu üçün, insanların onları heç nə demədən başa düşməsini gözləyirlər. Bu baş vermədikdə isə dərin bir qırğınlıq və qəzəb yaranır.
Cəmiyyətdə duyğularını göstərməyən, hər şeyi özü həll edən insanlar "güclü" sayılır. Lakin emosional ehtiyacları gizlətmək insanı güclü etmir, sadəcə yalnızlaşdırır. Həqiqi güc "yaxşıyam" demək deyil, yaxşı olmadığını qəbul edə bilməkdir.
Mükəmməliyyətçilərin "zəiflik" adlandırdığı bir çox şey - yorulmaq, səhv etmək, dəstək istəmək - əslində insan olmağın təbii hissəsidir. Terapiya prosesində ən çətin addım daha "mükəmməl" biri olmaq deyil, o maskanı çıxarıb həqiqi, yaralı və ehtiyacı olan "mən"lə qarşılaşmaqdır.
Bəlkə də məsələ qüsursuz biri olmağa çalışmaq deyil, ehtiyaclarınızla birlikdə var ola biləcəyinizi fərq etməkdir. Növbəti dəfə özünüzə və ya başqasına qəzəblənəndə soruşun: "Mən həqiqətən bu şəxsə acıqlıyam, yoxsa qüsursuz ola bilmədiyim üçün özümə?"Lalə Qüdrətova
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.