AZ

Amsterdamda 4 nəfərin öldürüldüyü qanlı gün – 20 yaşlı azərbaycanlı jurnalistin yarımçıq qalan həyatı – Foto

2011-ci il mayın 12-də Amsterdam şəhərində azərbaycanlı ailələr arasında baş verən qanlı hadisə Nederland ictimaiyyətində geniş rezonans doğurmuşdu.

Həmin gün Faiq adlı azərbaycanlı şəxs 4 azərbaycanlı qadını qətlə yetirmiş, bir kişini isə ağır yaralamışdı. Öldürülənlərdən 3-ü Axundovlar ailəsinin üzvləri, biri isə 20 yaşlı gənc jurnalist Fəridə idi.

Musavat.com xəbər verir ki, hadisə şəxsi münasibətlər zəminində baş vermişdi. Məlumata görə, Faiq Fəridəni zorla qaçıraraq evlənməyə məcbur etmək istəyib. Gənc qız təhdidlərə boyun əymədikdə isə onu güllələyərək öldürüb.

Bundan sonra o, əvvəllər qızları ilə evlənmək üçün elçi getdiyi, lakin rədd cavabı aldığı Axundovlar ailəsinin yaşadığı ünvana yollanıb. Burada ailənin 3 qadın üzvünü qətlə yetirib, bir kişini isə ağır yaralayıb.

Qətlə yetirilən Fəridə Nederlandda jurnalistika fəaliyyətinə yeni başlamışdı. Yaşının az olmasına baxmayaraq, Amsterdam media çevrəsində tanınmağa başladığı bildirilirdi.

Hadisədən sonra saxlanılan Faiq məhkəmə qarşısına çıxarılıb. O, törətdiyi ağır cinayətlərə baxmayaraq, daha yüngül cəza almağa çalışsa da, məhkəmə ona ömürlük həbs cəzası verib. Bildirilir ki, bu qərarın çıxarılmasında Fəridənin anası Rəbiyyə xanımın hüquqi mübarizəsi mühüm rol oynayıb.

Qətliamın ildönümü ilə əlaqədar bir neçə nəfər Herdenkingspark Westgaarde məzarlığında dəfn olunan Fəridənin qəbrini ziyarət edib.

Qeyd edək ki, Fəridənin məzarı Amsterdam mərkəzindən 17 saylı tramvayla çatmaq mümkün olan Westgaarde məzarlığında yerləşir.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr