Təxminən 17 milyon əhalisi olan paytaxt Kinşasa Konqo Demokratik Respublikasında və ümumilikdə dünyada ən sürətlə böyüyən meqapolislərdən biridir. Kinşasa şəhərində hər il bir milyondan çox yeni sakin məskunlaşır.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Konqo Demokratik Respublikasının şəhərsalma və mənzil təsərrüfatı naziri Alexis Gisaro deyib.
O qeyd edib ki, şəhərdə ev təsərrüfatlarının 83%-nin torpaq mülkiyyəti sənədi yoxdur:
“Ölkədə layiqli mənzil çatışmazlığı isə 9 milyon vahid təşkil edir.
Bu vəziyyətə cavab olaraq Konqo Demokratik Respublikası hökuməti urbanizasiyanı milli prioritet elan edib və 2026–2036-cı illəri əhatə edən 10 illik şəhərsalma və mənzil proqramı hazırlayıb. Məqsəd urbanizasiyanı iqtisadi, sosial və ekoloji inkişafın hərəkətverici qüvvəsinə çevirməkdir”.