AZ

Anar Quliyev: İnklüziv layihələrdə qadınların iştirakı prioritetlərdəndir

Cəmiyyətin hər bir qrupunun ümumi inkişafda mühüm rolu var. Azərbaycanda biz hesab edirik ki, inklüziv iştirak daha güclü və daha dayanıqlı şəhərlərin qurulmasının əsas şərtidir.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılışı zamanı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O qeyd edib ki, həqiqi şəhər inkişafı cəmiyyətin hər bir qrupunun səsi və rolu olduğu zaman baş verir:

“Bu isə qadınlardan başlayır. Onlar milli səviyyədə cəmiyyətimizin ən fəal və mühüm iştirakçılarındandır.

Azərbaycan 1918-ci ildə qadınlara səsvermə və seçilmək hüququ verən müsəlman dünyasında ilk ölkə olmaqdan qürur duyur. Bu, bərabərlik və iştirakçılıq istiqamətində mühüm addım idi.

Bu gün qadınlar hökumətdə, parlamentdə, akademik mühitdə və özəl sektorda yüksək vəzifələr tuturlar. Onlar memar, şəhərsalma mütəxəssisi, mühəndis, sahibkar və qərarverici kimi urbanizasiya prosesinə böyük töhfə verirlər.

Texnologiya, innovasiya və rəqəmsal transformasiya sahəsində liderlik edən qadınları görməkdən də qürur duyuruq. Onlar daha ağıllı və dayanıqlı şəhərlərin qurulmasına yardım edirlər.

Bu yanaşma postmünaqişə dövründə bərpa işlərində, həmçinin ağıllı şəhər və ağıllı kənd layihələrində də davam edir. Burada qadınların iştirakı və bərabər imkanlar əsas prioritetlərdən biridir”.

Seçilən
29
apa.az

1Mənbələr