AZ

Metamodern şəhər fəlsəfəsinin paytaxtı

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

"Əslində... dünya elə bir balaca kəndə dönüb ki, harasında yaşayırsansa, yaşa, hadisələr həmişə sənin yaxınlığında baş verir".

Mən bu fikri yazanda Şəhərsalma Forumunun Bakıda keçirilməsi gözlənilmirdi.

Bəli, harda, hansı şəhərdə yaşayırsan, yaşa, fərq etməz: hadisələr sənin yanında-yörəndə baş verir.

Amma bir də var, hadisənin mərkəzi sən olursan. Bütün dünyanı bu mərkəzdə cəmləşdirirsən. Şəhərsalma Forumu da Bakını daha bir qlobal hadisənin mərkəzinə çevirib.

Doğrusu, detallara varmaq, bir də əcnəbi ifadələrlə, bəzəkli ibarələrlə yazmaq istəmirəm. Sadə dillə yazmaq istəyirəm.

Əslində mən də o fikirdəyəm: bu, " Şəhərlər Forumu" adlandlrılsa, daha dəqiq olar. Hər halda " Forum" deyəcəm.

Məşhur fransız yazıçısı Bernar Verber deyirdi: "Tarix əslində şəhərlərin tarixidir".

Bəlkə də ona görə ki, dünyada ilk şəhərlər də, əsasən, elə dövlət kimi, dövlətlər də elə şəhər kimi yaranıb. Qədim Ellin mədəniyyətini götürək: şəhər-dövlətlər formasında inkişaf yolu keçmişdi. Yunan Birinci şəhrin qurulmasından hardasa 6 min il keçir, amma bu gün də ayrıca şəhır-dövlətlər qalıb. Dəclə və Fərat çayları arasında - Qədim Mesopotomiyada qurulmuş Urukdan - ilk şəhər-dövlətdən bu günkü Sinqapura qədər keçən zaman və sivilizasiya məsafısinə baxanda bəşəriyyətin bütün tarixi göz önündə canlanır. Bu, əlbəttə, hər şeydən əvvəl bəşəru mədəniyyətin tarixidir. Eyni zamanda memarlığın, arxitekturanın keçdiyi tərəqqi tarixidir.

İnsanlar müharibə etməyə başlayandan bəri ən çox zərər çəkən məhz şəhərlər olub. Bəşəriyyətin tarixi boyu 5 min ilə yaxındır, müharibələr var. Hər dəfə də şəhərlər daha çox zərər görüb. Çünki iri döyüş əməliyyatları əsasən şəhərlərin üstündə, şəhərlərdə gedib. Ona görə az-çox tarixi qədimliyi olan bütün şəhərlərdə həm də qala var. Daha doğrusu, şəhər qala kimi tikilib. İndiki müharibələr də şəhərləri daha çox hədəf alır. Elə Rusiya-Ukrayna savaşını, eləcə də, ABŞ-İsrail tandeminin İrana qarşı hərbi əməliyyatlarını götürək. Rəqiblər bir-birinin şəhərlərini hədəf alır.

Ancaq nə qədər qəribə səslənsə də, şəhərlərin dağıdılması, yandırılması onların yeni memarlıq üslubunda yenidən qurulması üçün bir fürsət olub. Müharibə öz dövrünə görə hər əsrdə və elə bu günün özündə çağdaş memarlıq və şəhərsalma üçün yeni meydanlar açıb. Bu, müharibənin yaxşı bir şey olması demək deyil, sadəcə, insanların şəhər mədəniyyətinə bağlılığının isbatıdır.

Elə İran demişkın, Miladdan əvvəlb494-cü ildə Dara Halikarnasla Efes (indiki Bodrumla İzmir arasında), indi Türkiyənin Aydın vilayətində arasında yerləşən qədim Milet şəhərini darmadağın dağıtmışdı. Sakinlər şəhəri yenidən qurmağı memar Hippodroma həvalə etmişdilər. Hippodrom buna "xoşbəxt fürsət" kimi yanaşdı və mərkəzində akropol olan, ordan düşən 12 şüa ilə piroq kimi bərabər bölünən bir "ideal" şəhər qurmağa başladı...

Yaxud Sinqapurun əsası XIX əsrdə Britaniyalıların liman şəhəri kimi qoyulsa da, XX əsrdə ixtisasca mühəndis baş nazir Li Kuan Yu onu "kompüter-şəhər" konsepti ilə yenidən yaratdı. Bu, ilk "kompüter-dövlət" olaraq tarixdə yerini alıb. Li Kuan Yu deyirdi: "Sinqapurlular nəhəng kompüterin, Sinqapur Respublikasının elektron çipləridir".

Deməli, dünyada "ağıllı şəhər", "ağıllı kənd" ideyası dünən-srağagün meydana gəlməyib, bu, ən qədim zamanlardan başlayaraq, bu günə gəlib çatmış bir memarlıq düşüncəsi, tarixi-fəlsəfi fenomendir. Bu, hazırda metamodern şəhər üslubudur.

Hazırda Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda bu fenomenin əyani nümunələrini yaradır. İşğal dövründə dağıdılmış şəhərlər, qəsəbələr, kəndlər ən modern memarlıq və rahat yaşam standartlarına uyğun olaraq yenidən qurulur. Ən son texnologiyalar tətbiq olunur...

Bilirsiniz, insan üçün əsas olan təkcə necə bir şəhərdə yaşadığı deyil, həm də bir şəhərdə necə yaşadığıdır.

İfrat urbanizasiya - böyük meqapolislərin yaranması bəşəriyyət qarşısında dayanan ən ciddi çağırışlardan biridir. Adamlar böyük şəhərlərə can atır, ancaq bu şəhərlərdə can rahatlığı tapmaq heç də asan deyil. Urbanizasiya ümumilikdə qlobal tendensiya olsa da, Dünyanın ən çox əhali yaşayan şəhərləri şərqdədir: Tokio, Dehli, Şanxay, Cakarta, Dəkkə, Mumbay və sair.

Yox, Azərbaycanın belə böyük şəhərləri yoxdur, ən böyük olanı Bakıdır, onun da əhalisi Çinin bir əyalət şəhərindəkindən də azdır. Ancaq Bakı elə bir coğrafi məkanda yerləşir ki, nəinki Azərbaycanın öz əyalətindəki insanları, dünyanın dörd bir tərəfindən miqrantları maqnit kimi özünə çəkir.

Bu, Bakının həm üstünlüyü, həm də imtahanıdır. Həm də təkcə Bakının sınağı deyil, bu, hər kəsin başına gəlir.

Bakıda bu gün açılışı gerçəkləşmiş Forum da məhz bu qlobal imtahan sualları kimi tərtib edilib.

Əsas da iki sualdır: Birincisi, biz necə bir şəhərdə yaşamaq istəyirik?

İkincisi, biz bir şəhərdə necə yaşamaq istəyirik?

Bugünkü Forumun əsas məqsədi bu suallara cavab tapmaqdır. Təhlükəsiz, dayanıqlı və rahat şəhər ortamı necə yaradılmalıdır - bunu müzakirə edir. Bu, sadəcə, forum deyil, Bakının -Azərbaycanın daha bir prizmadan dünya qarşısında tanıtımıdır.

Bəli, Dünyanın hər yerindən şəhəri bilən adamlar - öz işinin ustaları gəlib. Qarşıdakı bir neçə gündə Bakı şəhər fəlsəfəsinin paytaxtı rolunu həvəslə və uğurla oynayacaq deyə düşünürəm. Bakı artıq çoxdan qlobal yaradıcı fikir şəhəridir. Bu dəfə isə Bakı özündən və özü kimi şəhərlərdən danışır...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr