AZ

“Qarabağ”ın yeni modeli Bakıdan dünyaya TƏQDİM EDİLİR – MÜHÜM MESAJLAR

Azərbaycan növbəti dəfə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməklə qlobal diqqət mərkəzinə çevrilib. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ölkənin həm beynəlxalq nüfuzunun artması, həm də şəhərsalma sahəsində əldə etdiyi uğurların nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən nümayəndələr Azərbaycana gələrək urbanizasiya, şəhərsalma və dayanıqlı inkişaf məsələlərini müzakirə edirlər.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində artıq böyük və unikal təcrübəsi formalaşıb.

Elman Nəsirov

“Bakı bundan əvvəl də bir sıra nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Eurovision” mahnı müsabiqəsi və COP29 kimi tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarını dünyaya nümayiş etdirib. Xüsusilə, COP29 zamanı Bakıda iqlim dəyişiklikləri ilə bağlı qlobal əhəmiyyətli qərarlar qəbul olunub. WUF13 forumunun Azərbaycanda keçirilməsi də ölkənin şəhərsalma və urbanizasiya sahəsindəki təcrübəsinə beynəlxalq marağın göstəricisidir”.

Deputatın sözlərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində Azərbaycanın şəhərsalma istiqamətində həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

“Ölkənin 79 şəhərindən 69-unun baş planı artıq yenilənib, digər şəhərlərlə bağlı da müvafiq addımlar atılır.

Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərinin strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Həmin ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur, infrastruktur və şəhərsalma layihələrinə indiyədək 14,7 milyard dollar vəsait ayrılıb. 2028-ci ilə qədər bu rəqəmin 18 milyard dollara çatdırılması planlaşdırılır”.

Elman Nəsirov əlavə edib ki, Azərbaycanın yaşıl enerji və yaşıl iqtisadiyyat siyasəti də beynəlxalq maraq doğurur.

“Prezident İlham Əliyev tərəfindən Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonası elan olunması bu istiqamətdə həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir.

WUF13 kimi beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir və dünyanın diqqətini yenidən regiona yönəldir Qonaqlar özləri də şahid olurlar ki, Azərbaycan Cənubi Qafqazın sabit, təhlükəsiz və dinamik inkişaf edən dövlətidir”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
55
1
konkret.az

2Mənbələr