AZ

Şəhərlərin inkişafı üçün əsas məsələ həll yollarının tətbiqinin sürətləndirilməsidir - Anaklaudiya Rossbax

WUF13 siyasət dialoqunu, innovasiyaları, bacarıqların inkişafını və siyasi əməkdaşlığı bir araya gətirərək nəticəyönümlü qlobal platforma rolunu oynayır.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13-ün ikinci günü çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransında deyib.

O bildirib ki, forum çərçivəsində keçiriləcək nazirlər dialoqu Yeni Şəhər Gündəliyinin növbəti mərhələsinin formalaşdırılmasına töhfə verəcək.

"Bu gün dünyanın müxtəlif şəhərlərində qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi, xidmətlərin genişləndirilməsi və iqlim dayanıqlığının gücləndirilməsi istiqamətində praktik həllər tətbiq olunur. Problem həll yollarının olmamasında deyil, onların tətbiqinin sürəti və miqyasındadır", - deyə o vurğulayıb.

Anaklaudiya Rossbax qeyd edib ki, innovasiyaların böyük hissəsi məhz yerli səviyyədə, məhdud resurslar və çətin şərtlər daxilində həyata keçirilir. Onun sözlərinə görə, qlobal məqsədlərə nail olmaq üçün şəhərlərin və icmaların gücləndirilməsi vacibdir.

UN-Habitat rəhbəri tərəfdaşlığın əhəmiyyətinə də diqqət çəkərək bildirib ki, müasir urbanizasiya problemlərinin miqyası və mürəkkəbliyi fonunda heç bir tərəf bu çağırışların öhdəsindən təkbaşına gələ bilməz.

O əlavə edib ki, WUF13 dialoqdan real fəaliyyətə keçid üçün mühüm platformadır və forumun yekununda qəbul ediləcək "Bakı Fəaliyyətə Çağırışı" inklüziv, dayanıqlı və davamlı şəhərlərin inkişafı istiqamətində ortaq baxışı və kollektiv öhdəliyi əks etdirəcək.

"Zərurət artıq aydındır: bilik və həll yolları mövcuddur. İndi əsas məsələ inklüziv, dayanıqlı və davamlı şəhərlər və icmaların hər kəs üçün reallığa çevrilməsi naminə kolleektiv iradənin nümayiş etdirilməsidir", - deyə Anaklaudiya Rossbax əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr