AZ

​"CityNet"in Müqavilə "Oyunları": Vətəndaş pulunu ödəyir, provayder xidmət müddətini ixtisar edir! ŞİKAYƏT

Ölkənin iri internet provayderlərindən olan **"CityNet"**in abunəçilərlə hesablaşma sistemi ciddi suallar doğurur. Şirkətin tətbiq etdiyi "qəribə" riyaziyyat nəticəsində vətəndaşlar göstərilməyən xidmətin haqqını ödəməyə məcbur edilir. Redaksiyamıza daxil olan vətəndaş şikayəti bu "sistemin" necə işlədiyini bütün çılpaqlığı ilə ortaya qoyur.

​Ödəniş tam, xidmət isə kəsik: 10 gün hara yox olur?

​Abunəçi Əliyeva Esmira aprelin 24-də, saat 19:09-da növbəti ay üçün internet xidmət haqqını tam şəkildə ödəyib (Qəbz əlavə olunur). Məntiq və hüquqi qaydalar tələb edir ki, bu ödəniş abunəçini mayın 24-nə qədər internetlə təmin etsin. Lakin "CityNet" abunəçiyə xidmətin mayın 17-də dayandırılacağı barədə xəbərdarlıq edib.

​Şirkətin bəhanəsi isə absurddur: “Biz sizə aprelin 16-dan sonra 10 gün hədiyyə vaxt vermişik, ona görə də həmin günlərin pulunu növbəti ödənişdən çıxırıq”.

​Burada mühüm bir məqam var: Aprelin 16-dan 24-nə qədər abunəçinin interneti faktiki olaraq kəsik olub. Yəni, xidmətin olmadığı, xəttin sönülü olduğu dövrü "hədiyyə" adlandırıb vətəndaşın yeni ödənişindən həmin günlərin haqqını tutmaq hansı ticarət etikasına sığır? Bu, sadəcə texniki xəta deyil, göstərilməyən xidmətə görə vətəndaşın pulunu mənimsəməkdir.

​Müqavilənin 6.3-cü bəndi nə deyir?

​"CityNet"in abunəçi ilə bağladığı rəsmi müqavilənin 6.3-cü bəndində (Foto əlavə olunur) qara hərflərlə yazılıb:

​“Abunəçi tərəfindən aylıq abunə haqqı Xidmətlər istifadəyə verildiyi tarixdə tam şəkildə əvvəlcədən ödənilməlidir.”

 

​Bu o deməkdir ki, ödəniş yalnız xidmətin aktiv olduğu dövrü əhatə etməlidir. Provayderin öz imzası olan sənədi görməzdən gələrək, xidmətin kəsik olduğu günləri "borc" kimi vətəndaşın balansından silməsi həm müqavilə öhdəliklərinin, həm də istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır.

​Hüquqi addımlar atılıb

​Məsələ ilə bağlı artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) rəsmi müraciət ünvanlanıb. Bir media qurumu kimi bildiririk ki, vətəndaşın xidmət almadığı dövr üçün ödənişə cəlb edilməsi qəbulolunmazdır.

​"CityNet" rəhbərliyini bu sistemli yanlışlığa son qoymağa və abunəçinin haqqı olan xidmət müddətini dərhal bərpa etməyə çağırırıq. Mövzunu diqqətdə saxlayacağıq.

​Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Seçilən
18
hakimiyyet.az

1Mənbələr