Fəaliyyət göstərdiyim təşkilat yaşayış hüququnun təşviqi, müdafiəsi və insan hüquqları çərçivəsində tanınması istiqamətində çalışan beynəlxalq koalisiya qurumudur. Təşkilatımız xüsusilə dayanıqlı şəhərlərin qurulması, sosial ədalətin təmin olunması, inklüziv şəhərsalma siyasəti və hər kəs üçün təhlükəsiz yaşayış mühitinin yaradılması istiqamətində fəaliyyət göstərir.
Day.Az xəbər verir ki, bu fikirləri WUF13-də iştirak edən "Habitat International Coalition" şirkətinin Keniyadan olan nümayəndəsi Diana Angela Uambui Uaçira Trend-ə açıqlamasında deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumundan əsas gözləntisi bütün müzakirələrin mərkəzində insan hüquqları yanaşmasının dayanmasıdır:
"Şəhərlərin inkişafı, urbanizasiya, iqlim dəyişiklikləri və yaşayış siyasəti ilə bağlı qərarlar qəbul edilərkən insanların fundamental hüquqları əsas prioritet kimi nəzərə alınmalıdır.
Xüsusilə adekvat mənzil hüququnun və insanların təhlükəsiz yaşayış mühitinə çıxış imkanlarının hər kəs üçün təmin olunması vacibdir. Mənzil məsələsi yalnız tikinti və infrastruktur məsələsi deyil, bu həm də insan ləyaqəti, sosial rifah və bərabər imkanlarla bağlıdır".
D.Angela vurğulayıb ki, forum çərçivəsində müxtəlif ölkələrdən olan nümayəndələrin təcrübə mübadiləsi aparması, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etməsi və yeni strategiyalar üzərində işləməsi olduqca əhəmiyyətlidir.
"Ümid edirəm ki, burada müzakirə olunan yanaşmalar və strategiyalar tədbirdən sonra da davam etdiriləcək, digər beynəlxalq platformalara və tərəfdaş qurumlara təqdim olunacaq. Ən vacibi isə onların praktik şəkildə həyata keçirilməsi və real nəticələr verməsi olacaq.
Düşünürəm ki, bu kimi beynəlxalq forumlar şəhərsalma, insan hüquqları və dayanıqlı inkişaf məsələlərində ortaq həllərin formalaşdırılması üçün mühüm rol oynayır".