AZ

Azərbaycanın 3 ordeninə layiq görülüb, ölkəsində qəhrəmandır - Bu gün 90 illik yubileyidir

Bu gün türk dünyasının böyük ziyalısı, qazax şairi, yazıçı və ədəbiyyatşünas Oljas Süleymenovun yubileyidir.

“Yeni Sabah” xəbər verir ki, görkəmli ədibin 90 yaşı tamam olur.

Müasir qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi Oljas Ömər oğlu Süleymenov 1936-cı il mayın 18-də Alma-Ata şəhərində anadan olub. O, 1954-1959-cu illərdə Qazaxıstan Dövlət Universitetinin Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. Dördpendirli pizza

O.Süleymanov1959-cu ildə neft geologiyası mövzusu üzrə diplom müdafiəsi edərək universiteti bitirib.

Sovet hökuməti dünyaya səs salan əsərini qüsurlu saymışdı

Onun sənətə gəlişi 1955-ci ilə təsadüf edir. O.Süleymenov təhsilini bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayıb. O, 1961-1962-ci illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Dövrü mətbuatda ilk dəfə məqalə ilə çıxış edib. Onun “Köçərilər və Rus” adlı həmin məqaləsi 1962-ci ildə çap olunub. 1959-cu ilin iyun ayında Oljas Süleymenovun “Literaturnaya qazeta”da dərc olunan seçilmiş şeirləri şairin mərkəzi mətbuatda çap olunan ilk mətbu əsəri hesab olunur.

O, 1962-ci ildə Qazaxıstan Dövlət Universitetinin aspiranturasına daxil olub, elə həmin ildə də Yazıçılar İttifaqına üzvlüyə qəbul olunub. Oljas Süleymenov 1962-1971-ci illərdə “Kazaxskaya pravda” qəzetində ədəbiyyat məsələləri üzrə əməkdaş və “Qazaxfilm” kinostudiyasında baş redaktor işləyib. 1972-ci ildən Asiya və Afrika ölkələri yazıcıları ilə Qazaxıstan əlaqə komitəsinin sədri vəzifəsinə təyin olunub.

1975-ci ildə O.Süleymenov “Az-Ya” əsərini yazıb. Əsər təkcə filologiya, tarix sahəsində yox, siyasi düşüncəyə təsirinə görə cəmiyyətdə də böyük rezonans doğurub. Əsərin ruhu o vaxtkı ideologiyaya zidd olduğu üçün O.Süleymenovun “Az-Ya” kitabı haqqında Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 17 iyul 1976-cı il tarixli xüsusi qərarında kitab “ideoloji və metodoloji” baxımdan qüsurlu hesab olunub.

Qorbaçova nə demişdi?

O.Süleymenov 1971-1981-ci illərdə Qazaxıstan Yazıçılar İttifaqının katibi vəzifəsini tutub. 1981-83-cü illərdə isə Qazaxıstan SSR Kinomatoqrafiya Komitəsinə rəhbərlik edib. O, 1983-cü ildə Qazaxıstan Yazıçılar İttifaqının birinci katibi seçilib.

O.Süleymenov 1989-cu ildə “Nevada Semipalatinsk” ictimai hərəkatının əsasını qoyub. O, 1991-ci ilə qədər Qazaxıstan və SSRİ Ali Sovetinin deputatı olub. O.Süleymenov 1990-cı ilin 20 yanvar faciəsi ilə əlaqədar doğma türk soydaşlarına başsağlığı vermək üçün Bakıya gəlib və Kremlin Qurultaylar sarayında faciənin günahkarı olan SSRİ rəhbəri Mixail Qorbaçov rejimini tənqid edib.

1991-ci ildə Qazaxıstanda milli müstəqillik elan olunduqdan sonra O.Süleymenov ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmiş və etməkdə davam edir. Hazırda YUNESKO-da Qazaxıstanın səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir.

Oljas Süleymenov 1990-cı ildə Qazaxıstanın Xalq yazıçısı fəxri adını alıb.. 2006-cı ildə ölkənin ən yüksək ordenlərindən biri olan “Vətən” (“Otan”) ordeni və 2016-cı ildə Qazaxıstanın ən ali fəxri adı hesab edilən Əmək Qəhrəmanı adına layiq görülüb.

Azərbaycanın 3 ordeninə layiq görülüb

O.Süleymanovun şəxsiyyətinə və yaradıcılığına ölkəmizdə böyük hörmətlə yanaşılır. Bu münasibət istər dövlət səviyyəsində, istər ədəbi-elmi dairələrdə, istərsə də ictiamiyyət arasında özünü büruzə verir. Onun “Az-Ya” əsəri Azərbaycan dilinə tərcümə olunub və kütləvi tirajlarla nəşr edilib. Kitabı Azərbaycan dilinə Natiq Səfərov çevriib.

Prezident İlham Əliyev son 20 ildə bütün yubileylərində O.Süleymanovu təbrik və Azərbaycanın dövlət mükafatları ilə təltif edib.

2006-cı il mayın 17-də (70 illik yubileyi) Oljas Süleymenov “Şöhrət” ordeni ilə təltif edilib. O, Azərbaycan və Qazaxıstan respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə ordenə layiq görülüb.  

2011-ci il mayın 16-da (anadan olmasının 75 illiyi) Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə O.Süleymenov “Dostluq” ordeni ilə təltif olunub.

2016-cı il mayın 16-da (80 illik yubileyi) Oljas Süleymenov ədəbi-ictimai fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği işində böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

2021-ci il mayın 18-də (anadan olmasının 85 illiyi) Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə O.Süleymenov “Şərəf” ordeninə layiq görülüb.

Qarabağ qələbəsini necə qiymətləndirib?

Mayın 17-də Prezident İlham Əliyev Oljas Süleymenovu 90 illik yubileyi münasibətilə təbrik edib. Dövlət başçısının təbrik məktubunda deyilir:

“Sizi – müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Böyük şair, publisist, ədəbiyyatşünas və tədqiqatçı olaraq Siz türk dünyasının fitri bədii istedada malik qüdrətli simalarındansınız. Yüksək vətəndaşlıq amalı özünün ənənələrə bağlılığı və dərin koloriti ilə seçilən yaradıcılığınızı geniş oxucu auditoriyasına daim sevdirmişdir. Planetar düşüncənin məhz milli dəyərlər əsasında formalaşdığına inanaraq meydana gətirdiyiniz hər yeni əsər mədəniyyət hadisəsinə çevrilmişdir. Parlaq ədəbi şəxsiyyət kimi zəngin ömür yolunuz vətənə və xalqa təmənnasız xidmətin nümunəsidir.

Ötən əsrin 80-ci illərindən etibarən ictimai-siyasi həyat meydanındakı coşqun fəaliyyətinizi həmişə məmnunluqla xatırlayırıq. Azərbaycanın haqq işini hər addımda ürəkdən dəstəkləməyiniz və Qələbəmizi bütün türk dünyasının tarixi nailiyyəti hesab etməyiniz bizə mənəvi güc verir.

Türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və qarşılıqlı humanitar əlaqələrin genişləndirilməsinə töhfələriniz danılmazdır. Ölkəmizə münasibətiniz bizim üçün dostluq və qardaşlığın həqiqi meyarıdır.

Əminəm ki, yaratdığınız irs gələcək nəsillərin ortaq keçmişimizə və mədəni-mənəvi sərvətlərimizə ehtiram ruhunda tərbiyəsi baxımından bundan sonra da xüsusi əhəmiyyət kəsb edəcəkdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
20
1
yenisabah.az

2Mənbələr