AZ

Televiziyadan deyil, pəncərədən görünən müharibə

Beşinci ilə keçən Rusiya-Ukrayna müharibəsini moskvalılar indiyədək daha çox televizyadan izləyirdilər. Ona görə də sorğular zamanı moskvalıların 75 faizi müharibənin davam etdirilməsinin tərəfdarı olduqlarını bildirirdilər. 9 may paradından sonra paytaxt əhalisi müharibəni artıq televiziyadan deyil, pəncərələrindən görməyə başlayıblar.
 
İndiyədək Rusiyanın müharibədə müəyyən mənada bəxti gətirib. Bəxt dedim, bir xalq misalı yadıma düşdü. Bəzən elə klassik xalq misalları olur ki, daha çox fərdə ünvanlansa da, mahiyyət etibarı ilə bütöv bir dövlətə də aid etmək olar. Məsələn, “oğru ol, xoşu ol, ….. ol, bəxtin olsun” misalını “ təcavüzkar ol, işğalçı ol, qətliam törət, xarabalıqlar, dağıntılar yarat” amma bəxtin gətirsin ki, dünyada baş verənlər xeyrinə olsun, işğalçının qarşısını ala biləcək qüvvə onun tərəfinə keçsin. Bu mənada, Rusiyanın Ukraynaya qarşı başlatdığı irimiqyaslı müharibədə müəyyən mənada bəxti gətirir.  İşğalçı Rusiya indiyədək dünyadan zəruri olan təpkini, etirazı almayıb. İkinci Dünya müharibəsindən bəri dünya nizamını gözləyən ABŞ-da da hakimiyyətə Putini özünə kumir bilən Donald Tramp gəldi və təcavüzkara haqq qazandırdı. Sanksiyalara məruz qalmış Rusiyanın bəxti həm də onda gətirdi ki, ABŞ-nin İrana qarşı başlatdığı müharibə ilə sanksiyaların yumşalması başlandı. Üstəlik, Amerika və İran Hörmüzü bağlayandan sonra neftin qiyməti elə qalxdı ki, Rusiya indiyədək görmədiyi qiymətdə neftini satıb milyardlarla dollar əldə etdi və Ukrayna müharibəsinin maliyyələşməsində yaranan çətinliyi qismən də olsa yüngülləşdirə biildi. SSRİ dövründən bəri NATO-nun parçalanması, Avropa və ABŞ arasında narazılıqların yaranması Kreml siyasətinin bir nömrəli hədəfi olsa da, məqsədinə məhz ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik dövründə çatdı. Ümumiyyətlə, Donald Trampın siyasəti ilk növbədə ABŞ-nin strateji nüfuzuna ciddi zərər vurub, daha sonra müttəfiqləri Avropa ölkələrinin mövqelərini zəiflədib, İran müharibəsində də heç bir məqsədinə çata bilməyərək körfəz ölkələrini təhlükəli bir dövrə salıb, nəticədə molla rejiminin ömrünü uzatmaqla Yaxın Şərqdə Tehranın söz sahibinə çevrilməsinə şərait yaratmış oldu. Bu baxımdan İranın ən vacib dayağı olan Rusiyanın da bölgədə güclənməsinə imkan yaratmış oldu.
 
 ABŞ-dan tam arxayın olan Rusiya məhz Ukrayna müharibəsi başlayandan bəri Kiyevə ən dağıdıcı hücumunu həyata keçirdi.   9 may 2026-cı ildə Moskvada zahirən “sönük”, strateji cəhətdən xəyanətkar bir parad keçirildi. Ukrayna ABŞ tərəfindən başladılan müvəqqəti atəşkəsin şərtlərinə əməl edərkən, Kreml bu fasilədən gizli şəkildə raket silahları toplamaq üçün istifadə etdi. Bayramlardan qısa müddət sonra Kiyevdə yaşayış binasına edilən kütləvi zərbə, nəhayət, Rusiyanın istənilən sülh təşəbbüslərindən yalnız yeni müharibə cinayətlərinə hazırlıq üçün istifadə edən bir dövlət olduğunu göstərdi. 14 may 2026-cı ildə Rusiya Kiyevə rekord sayda - 1500-dən çox dron və raket zərbəsi endirdi. Kiyevə hücum nəticəsində üçü uşaq (12, 15 və 17 yaşlı) olmaqla 24 nəfər həlak oldu, 50-dən çox insan yaralandı.
 
2026-cı il paradı tarixə ən yüksək dərəcədə kinayə və strateji aldatma nümunəsi kimi düşəcək. Rusiya sübut etdi ki, istənilən sülh təklifini dialoq yolu kimi deyil, daha qanlı hücumlara hazırlıq üçün müvəqqəti fasilə kimi görür.
 
Əlbəttə, atəşkəsə xəyanətin cavabı sərt verildi. Ukrayna Silahlı Qüvvələri və Təhlükəsilik Xidmətinin hazırladığı hücumun hədəfi əsasən Moskva vilayətindəki strateji obyektlər olub. Zərbə alan zavodlar arasında Rusiyanın hərbi-sənaye kompleksinə yarımkeçiricilər tədarük edən və ABŞ sanksiyaları altında olan “Anqstrem” zavodu, “Moskva Neft Emalı Zavodu”, “Sonechnogorskaya” neft nasos stansiyası və “Volodarskoye” neft nasos stansiyası var.
 
Kreml liderinin hazırda müharibəni istədiyi kimi, yəni Donbası tam işğal etməklə bitirməyə tam gücü yoxdur, eyni zamanda istədiyini etmədən də müharibəyə son verərsə nüfuzuna ciddi zərbə vurulacağını bildiyindən qanlı müharibəni bitirməyə də tələsmir. Bu gedişlə müharibənin hələ uzanacağı, ən azı Putinə dəstək verən Trampın hakimiyyətdən gedənədək davam edəcəyi ehtimal edilir.
 
Putinin sabah – mayın 19-20-si tarixində Çinə səfəri gözlənilir və Trampın səfərinin hələ müzakirəsi bitməmiş Kreml liderinin səfərinin çox ciddi səbəbləri olması barədə məlumatlar daxil olur. Əgər Trampın Çin səfərində Ukrayna müharibəsi ətrafında hər hansı bir müzakirənin olduğu barədə heç bir informasiya yayılmadısa, Putinin səfərində Ukrayna müharibəsinin əsas müzakirə predmeti olacağı şübhəsizdir. Təbii, son vaxtlar silahlanmaya böyük diqqət yetirən Avropa ölkələri ilə, ABŞ ilə münasibətlərin perspektivi, Hörmüz boğazı ilə əlaqədar da fikir mübadiləsi olacaq, amma hazırda Çinin hərbi və iqtisadi köməyi ilə aparılan Ukrayna müharibəsinin Si Zin Pin ilə müzakirəsi Rusiya üçün qeyd olunan məsələlərin önündə gəlir. Yayılan məlumtlara görə Tramp və Si Zin Pin görüşündən siyasi üstünlüklə Çin liderinin çlxması da Rusiyanın maraqlarına uyğun gəlir və yazının əvvəlində qeyd etdiyimiz kimi Rusiyanın burda da bəxtinin gətirdiyi aydındır.   
 
Amma Rusiya daxilində başqa siyasi proseslərin narazılıq yaratması barədə də məlumatlar yayılır. Son günlər sorğu mərkəzlərinin apardığı tədqiqata görə Putinin nüfuzu xeyli aşağı düşüb. Müharibə başlayanda ölkəni tərk edən Rusiya vətəndaşları xaricdə vətəndaşlıq sənədlərinin artırılması barədə konsulluqlara müraciət etsələr də onlara yeni pasport verilmir və yalnız Rusiyaya döndükləri zaman yeni vətəndaşlıq pasportlarının veriləcəyi bildirilir. Hakimiyyət narazı qüvvələrin geri dönməsini ona görə istəyir ki, həm narazı olanları həbs etsin, həm də zorla Ukrayna cəbhəsinə göndərsin. Bu o deməkdir ki, canlı qüvvə sarıdan Rusiya ordusu çətinlik çəkir.
 
Bu gün Rusiyanın “bəxti” gətirə bilər, amma haqsızlıq üzərində qurulan “bəxt”in ömrü uzun olmur. Bədbəxtlik də gələndə batmanla gəlir. Bu siyasətlə işğalçı Rusiya üçün ağır, fəlakətli günlər uzaqda deyil.
 
İlham İsmayıl
Seçilən
15
moderator.az

1Mənbələr