AZ

Son istifadə tarixi yaxın məhsul təhlükəli olmaya bilər EKSPERT DANIŞDI

ain.az bildirir, Sia Az portalına istinadən.

"Son istifadə tarixi yaxın olan məhsulların endirimlə satılması qanunvericilik və ticarət baxımından normal hesab olunur və bu, hər zaman məhsulun təhlükəli olduğu anlamına gəlmir".

Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, marketlər adətən satış müddəti bitmədən məhsulu daha tez realizə etmək üçün qiymətdə endirim tətbiq edirlər: "Əgər məhsul düzgün temperaturda və uyğun saxlanma şəraitində qorunubsa, son istifadə tarixinə qədər təhlükəsiz şəkildə istehlak edilə bilər.

Amma burada əsas məsələ məhsulun hansı kateqoriyaya aid olmasıdır. Süd məhsulları, ət, balıq, hazır salatlar və kremli şirniyyatlar kimi tez xarab olan qidalarda risk daha yüksəkdir. Bu məhsulların saxlanma temperaturunda kiçik bir pozuntu belə bakteriyaların çoxalmasına səbəb ola bilər. Xüsusilə soyuq zəncirin pozulması məhsulun xarici görünüşü normal olsa belə, onun təhlükəli hala gəlməsinə gətirib çıxara bilər.

Quru məhsullar, konservlər, makaron, düyü və peçenye kimi məhsullarda isə risk nisbətən daha az olur. Bu tip məhsullarda son tarix yaxınlaşdıqca əsas dəyişiklik dad, tekstura və keyfiyyətdə ola bilər, amma hər zaman təhlükə yaranmaya bilər.

İstehlakçılar alış zamanı bir neçə məqama diqqət etməlidirlər. Son istifadə tarixini diqqətlə yoxlamaq vacibdir. Qablaşdırmada şişmə, cırılma və ya deformasiya olmamasına baxılmalıdır. Süd və ət məhsullarının soyuducuda saxlanılıb-saxlanılmadığı yoxlanmalıdır. Məhsulun qoxusunda, rəngində və görünüşündə dəyişiklik olub-olmadığına diqqət yetirilməlidir. Endirim çox yüksəkdirsə, bunun səbəbi barədə düşünmək lazımdır.

Bəzən “son istifadə tarixi” ilə “tövsiyə olunan istifadə tarixi” anlayışları qarışdırılır. Tövsiyə olunan tarix keçdikdən sonra bəzi məhsullar müəyyən müddət istifadə oluna bilər, lakin “son istifadə tarixi” keçmiş məhsullar xüsusilə tez xarab olan qidalarda artıq risk daşıyır.

Ümumilikdə, endirimli məhsul almaq təhlükəli deyil, lakin istehlakçı daha diqqətli olmalıdır. Məhsulun yalnız qiymətinə deyil, saxlanma şəraitinə və təhlükəsizlik göstəricilərinə də diqqət yetirilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
sia.az

2Mənbələr