Real Madrid klubunun ulduz futbolçusu Kylian Mbappé ilə bağlı yeni transfer xəbərləri gündəmi zəbt edib.
Musavat.com xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Pérez fransalı hücumçunun mümkün satışına yaşıl işıq yandırıb.
İddialara əsasən, klub rəhbərliyi Mbappe üçün təxminən 250 milyon avroluq təklifləri dəyərləndirməyə hazırdır.
Məlumatlarda bildirilir ki, komandadaxili atmosferdə yaranan gərginlik rəhbərliyi ciddi qərarlar verməyə sövq edib. Son dönəmlərdə futbolçunun həm azarkeşlərlə, həm də bəzi komanda yoldaşları ilə münasibətlərində problem yaşandığı iddia olunur.
Xüsusilə “Santyaqo Bernabeu”da keçirilən “Oviedo” ilə oyunda Mbappenin adı stadionda səsləndirilərkən tribunadan fit səslərinin eşidilməsi diqqət çəkib.
Digər tərəfdən, “El Klasiko” ərəfəsində Mbappenin aktrisa Ester Expósito ilə birlikdə İtaliyaya səfər etməsi İspaniya mediasında geniş müzakirə olunub. Bəzi mənbələr komanda daxilində bir sıra futbolçuların ona göstərilən xüsusi münasibətdən narazı qaldığını yazır.
Sosial şəbəkələrdə yayılan başqa görüntülərdə isə futbolçunun anasının azarkeş reaksiyalarına gülməsi müzakirələrə səbəb olub.
İspaniya mətbuatı mövsümün sonuna doğru “Real Madrid”də vəziyyətin gərgin olaraq qaldığını və Mbappenin gələcəyi ilə bağlı yaxın zamanda mühüm qərarların verilə biləcəyini qeyd edir.
Musavat.com